“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.5-ci yarımbəndinə əsasən, cəzaçəkmə müəssisələrində cəza çəkənlər üçün antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar arasında narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Bu barədə SİA-ya Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Penitensiar xidmətin, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin və Bakı şəhər Respublika Narkolojı Məkrəzinin nümayəndələri iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu sahədə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə tövsiyələr verilib, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı bəhs olunub.
Tədbirdə geniş müzakirələr aparılıb, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət”, eləcə də “Metodik tövsiyələr” adlı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.