Metroda nələr dəyişib? Rəsmi göstəricilər

15 Dekabr 2025 15:37 (UTC+04:00)

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2021-ci ilin yanvar–sentyabr aylarında metro vasitəsilə daşınan sərnişinlərin sayı 38,9 milyon nəfər təşkil edib. 2022-ci ildə isə bu göstərici kəskin artaraq 276,7 % və ya 107,8 milyon nəfər yüksəlib və 146,7 milyon nəfərə çatıb. Son beş ilin yanvar–sentyabr ayları üzrə metrodan istifadə edən sərnişinlərin sayında qeydə alınan bu pik göstərici, əsasən, xüsusi karantin rejimi ilə bağlı metroda sərnişindaşıma fəaliyyətinə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması ilə izah olunur.

2023-cü ilin yanvar–sentyabr aylarında metrodan istifadə edənlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% və ya 10,1 milyon nəfər artıb və 156,8 milyon nəfər təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu göstərici 6,3% və ya 9,8 milyon nəfər artaraq 166,6 milyon nəfərə yüksəlib.

Qeyd edək ki, təhlil olunan dövrdə 2025-ci ilin yanvar–sentyabr ayları azalma ilə yadda qalıb. Belə ki, bu dövrdə metrodan istifadə edən sərnişinlərin sayı 162,6 milyon nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4% və ya 4 milyon nəfər azalma deməkdir. Azalmanın əsas səbəbləri kimi avtobus marşrutlarının sayının artırılması və yenilənməsi, eləcə də şəxsi avtomobillərin sayının artması göstərilə bilər.

Son 5 ilin yanvar–sentyabr ayları üzrə metro vasitəsilə sərnişin daşınmasına sərf olunan vəsaitlərə nəzər saldıqda, hər il artım tendensiyasının müşahidə edildiyi görülür. Belə ki, 2021-ci ilin müvafiq dövründə sərnişin daşınmasına sərf olunan vəsait 11,2 milyon manat təşkil edib. 2022-ci ildə isə bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 279,7% və ya 31,4 milyon manat artaraq 42,6 milyon manata yüksəlib.

2022-ci ildə sərnişin daşınmasına sərf olunan vəsait artımının daha çox olmasının əsas səbəbi əvvəlki təhlildə də qeyd edildiyi kimi, xüsusi karantin rejimi ilə bağlı metroda sərnişindaşıma fəaliyyətinə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması və bunun nəticəsində metrodan istifadənin artması ilə əlaqədardır.

2023-cü ilin yanvar–sentyabr aylarında sərnişin daşınmasına sərf olunan vəsait 59,1 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,5% və ya 16,5 milyon manat artım deməkdir. 2024 və 2025-ci illərin yanvar–sentyabr aylarında isə sərf olunan vəsaitlərin artım tempi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Belə ki, 2024-cü ildə bu məqsədlə 69,9 milyon manat (18,4% və ya 10,8 milyon manat artım), 2025-ci ildə isə 78,9 milyon manat (12,8% və ya 9 milyon manat artım) vəsait sərf olunub.

Qeyd edək ki, 2021–2025-ci illər ərzində hər il metro vasitəsilə sərnişin daşınmasına sərf olunan vəsaitin artması ölkədaxili sərnişin daşımalarında metro nəqliyyatına tələbatın yüksəlməsi, həmçinin yeni metro stansiyalarının istismara verilməsi ilə əlaqədardır.

Son 5 ilin 1 oktyabr tarixləri üzrə Bakı Metropoliteni QSC-də çalışan işçilərin sayına dair müqayisə göstərir ki, 2021-ci ildə müəssisədə 4 236 nəfər çalışıb. 2022-ci ildə işçilərin sayı 4 487 nəfərə yüksələrək əvvəlki illə müqayisədə 251 nəfər və ya 5,9 % artım qeydə alınıb. 2023-cü ildə işçilərin sayı 4 394 nəfər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 93 nəfər və ya 2,1% azalma deməkdir. 2024-cü ilin 1 oktyabr tarixində Bakı Metropoliteni QSC-də çalışan işçilərin sayı 4 409 nəfər olub və bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15 nəfər və ya 0,3% çoxdur. 2025-ci ilin 1 oktyabr tarixində isə Bakı Metropoliteni QSC-də çalışan işçilərin sayı 4 359 nəfər təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 nəfər və ya 1,1% azalma deməkdir.

Ümumilikdə, təhlil olunan dövrdə işçilərin sayında ən yüksək artım 2022-ci ildə müşahidə olunub. Sonrakı illərdə isə göstərici cüzi artım və azalmalarla əsasən sabit səviyyədə qalıb.

2021–2025-ci illərin yanvar–sentyabr aylarında Bakı Metropoliteni QSC-də çalışan işçilərin orta aylıq əməkhaqqı göstəriciləri davamlı artım dinamikası nümayiş etdirib. Belə ki, 2021-ci ildə bu göstərici 770,7 manat olub. 2022-ci ildə orta əməkhaqqı 1 044 manata yüksələrək 273,3 manat və ya 35,5 % artım göstərib ki, bu da təhlil olunan dövr üzrə ən yüksək artım tempi hesab olunur. 2023-cü ilin müvafiq dövründə orta əməkhaqqı 1 144,7 manat təşkil edib və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 100,7 manat və ya 9,6% artım deməkdir. 2024-cü ilin yanvar–sentyabr aylarında artım davam edib və orta əməkhaqqı 1 241,5 manata çatıb ki, bu da 96,8 manat və ya 8,5% yüksəlişlə müşayiət olunub.

2025-ci ilin yanvar–sentyabr aylarında isə Bakı Metropoliteni QSC-də çalışan işçilərin orta əməkhaqqı 1 325,9 manat olub və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 84,4 manat və ya 6,8% artım qeydə alınıb.

Ümumilikdə, təhlil olunan dövrdə Bakı Metropoliteni QSC-də çalışan işçilərin orta əməkhaqqı göstəriciləri ardıcıl artım nümayiş etdirib. Artım tempi əvvəlki illərdə daha yüksək olub, sonrakı mərhələdə isə tədricən azalaraq nisbi sabitlik və dayanıqlı inkişaf meyli ilə xarakterizə edilib.

2025-ci ilin yanvar–sentyabr ayları üzrə Cənubi Qafqaz ölkələrində metro nəqliyyatı ilə daşınan sərnişinlərin sayının müqayisəli təhlilnə əsasən, üç ölkə arasında ən yüksək göstərici Azərbaycan Respublikasında, yəni Bakı şəhərində müşahidə olunub. Belə ki, sözügedən dövrdə Azərbaycanda metro nəqliyyatından 162,6 milyon nəfər istifadə edib.

Bu göstərici ilə ikinci pillədə Gürcüstan (Tbilisi şəhəri) qərarlaşıb. 2025-ci ilin yanvar–sentyabr aylarında Tbilisi metrosundan 106,5 milyon nəfər istifadə edib ki, bu da Azərbaycanla müqayisədə 56,1 milyon nəfər azdır. Ermənistanda isə (İrəvan şəhəri) eyni dövr ərzində metro nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 17,6 milyon nəfər olub ki, bu göstərici həm Azərbaycan, həm də Gürcüstanla müqayisədə əhəmiyyətli dərəcədə aşağı səviyyədə qiymətləndirilir.

Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr ayları üzrə Cənubi Qafqaz regionunda metro nəqliyyatı üzrə göstəricilər ölkələr arasında kəskin fərqlənib. Azərbaycan lider mövqedə, Gürcüstan orta səviyyədə, Ermənistan isə xeyli aşağı göstərici ilə təmsil olunub.