“Putin SSRİ-nin yolunu addım-addım izləyir…”

13 Dekabr 2025 19:25 (UTC+04:00)

...Hərbi xərclərin artması Rusiyanın SSRİ-nin yolunu inamla izlədiyini və tarixini təkrarladığını göstərir.

SİA xəbər verir ki, Ukrayna İqtisadçılar Komitəsinin rəhbəri Andrey Novak bu barədə "Glavred"ə verdiyi müsahibədə danışıb.

O, xatırladıb ki, SSRİ iqtisadiyyatının yüksək hərbiləşdirilməsi, müharibə olmasa belə (dağılma zamanı müharibə yox idi-A.B.) İttifaqın dağılmasına səbəb olub.

…Sovet İttifaqının hərbi-sənaye kompleksinə ən yüksək xərcləri SSRİ büdcəsinin 39 faizini təşkil edib. Rusiya artıq demək olar ki, bu həddə çatıb və 2026-cı il büdcəsinin 38 faizdən çoxunu müharibəyə və "müdafiəyə" ayırıb. Başqa sözlə, biz Sovet İttifaqının dağılmasının kök səbəblərinin dəqiq təkrarlanmasının şahidi oluruq; Rusiya addım-addım İttifaqın yolunu izləyir, - deyə ekspert qeyd edib.

…Novak qeyd edib ki, SSRİ-nin dağılmasının əsas səbəbi iqtisadi idi: Sovet iqtisadiyyatı silahlanma yarışına və hərbi-sənaye xərclərinə tab gətirə bilmədi və bir məqamda İttifaqın büdcəsi respublikaların büdcələrini maliyyələşdirmək qabiliyyətini itirdi.

…Hazırda Rusiya iqtisadiyyatında da eyni şey baş verir: federal büdcə artıq federal subyektlərin büdcələrini eyni səviyyədə maliyyələşdirə bilmir. Bunu 2025-ci ildən etibarən yerli büdcələrin xərclərini, hətta Rusiya ordusu ilə müqavilə imzalayan Rusiya vətəndaşları üçün ödənişlər kimi müharibə ilə bağlı xərclərə də əhəmiyyətli dərəcədə azaltması sübut edir, - deyə ekspert izah edib.

O qeyd edib ki, Rusiyanın əksər bölgələrində müqavilə imzalanarkən birdəfəlik ödəniş 3 milyon rubldan (orta hesabla) 600 min rubla qədər azalıb.

…Bu, beşqat azalmadır! Vurğulayıram ki, bunlar Ukraynaya qarşı müharibəni dəstəkləyən rusların əsas xərcləridir, lakin hətta onlar da ixtisar olunur. Kreml üçün prioritet olan bu yerli büdcə maddələri yerinə yetirilmirsə, onda Rusiya hakimiyyəti üçün prioritet olmayan xərclərin necə yerli olaraq maliyyələşdirildiyini təsəvvür etmək olar, - deyə ekspert yekunlaşdırıb.

Əli Babayev