Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anım mərasimi təşkil olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, anım mərasimində çıxış edən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev Ulu Öndərin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışıb, Heydər Əliyev siyasətinin Azərbaycan tarixində müstəsna rol oynadığını vurğulayıb.
Səfir qeyd edib ki, Ümummilli Lider müxtəlif çətinliklər və sınaqlar dövründə xalqı ətrafında birləşdirərək Azərbaycanın müstəqilliyini qoruyub saxlayıb, ölkənin siyasi, iqtisadi və beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün əvəzsiz töhfələr verib. Səfir, həmçinin Ulu Öndərin Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətlərinin formalaşması və inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində möhkəm zəmin yaradıb, bu münasibətlər indi də yüksələn xətt üzrə inkişaf edir.
Diplomat, eyni zamanda, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin daha da inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyevin uzaqgörən liderliyi nəticəsində Azərbaycanın regionda sülh, təhlükəsizlik və tərəqqinin təmin olunmasında, o cümlədən beynəlxalq arenada strateji tərəfdaşlıqların dərinləşməsində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.
Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edilməsi və onun Azərbaycanın dövlətçilik tarixində misilsiz rolunun bir daha vurğulanması ilə yekunlaşıb.