Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Ulu Öndərin İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkındakı abidəsi ziyarət olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Mustafa Oktay Aksu, qardaş ölkədə təhsil alan və təlimdə olan hərbçilərimiz, Sarıyer bələdiyyəsinin, konsulluğun və Azərbaycanın dövlət qurumlarının Türkiyədəki təmsilçiliyinin əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, media və QHT-lərin nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva və Mustafa Oktay Aksu Ulu Öndərin Türk dünyasının gələcəyi, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Azərbaycanın yenidən qurulmasında göstərdiyi əvəzsiz xidmətləri, eləcə də Heydər Əliyev irsi, onun başlatdığı siyasi yol haqqında danışıblar.
Çıxış edənlər bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan şanlı Qarabağ Zəfərini xüsusi vurğulayaraq, bunun bütün Türk dünyasının qələbəsi olduğunu qeyd ediblər.
Anım tədbirində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri qoyulub.
Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.