"Son dövrlər uşaqlar arasında psixoloji narahatlıqların, aqressiyanın artması, dərsə olan marağın azalması və telefon asılılığının güclənməsi ciddi narahatlıq doğurur. Dünya psixoloqlarının və uşaq inkişaf mütəxəssislərinin tövsiyələrinə əsasən, 3 yaşa qədər uşaqların telefon, planşet, kompüter və digər ekran qurğuları ilə ümumiyyətlə tanış olması məsləhət görülmür. Bu dövrdə uşağın beyin inkişafı çox sürətlidir və ekran təsiri həm diqqəti zəiflədir, həm də nitq və sosial bacarıqların formalaşmasına mənfi təsir göstərə bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, 3 yaşdan 6 yaşa qədər olan uşaqlara gündə maksimum 30 dəqiqə olmaqla telefon, televizor və ya kompüter istifadəsinə icazə verilə bilər:
"Bu müddət də yalnız keyfiyyətli, inkişafyönümlü və yaşa uyğun məzmunlar üçün sərf edilməlidir. 6 yaşdan 12 yaşa qədər isə ekran vaxtı gündə maksimum 1 saat ola bilər. Lakin bu da uşağın dərs qrafikinə, yuxu rejiminə, idman və oyun vaxtına mane olmamalıdır. Ümumiyyətlə, valideynlər təkcə telefona yox, uşağın asılılıq yarada biləcəyi bütün fəaliyyət və cihazlara nəzarəti təmin etməlidirlər. Bəzən işləyən valideynlər üçün bu qaydalara ciddi şəkildə əməl etmək çətin görünə bilər, lakin nəzərə almaq lazımdır ki, uşaq kimdə qalırsa – valideyn, nənə-baba, yaxud baxıcı – həmin şəxs də eyni qaydaları tətbiq etməlidir. Ailənin ümumi və dəyişməyən qaydaları olmalıdır və bu qaydalar uşağa kiçik yaşlardan öyrədilməlidir. Çünki uşağın tərbiyəsində və davranışlarında kiçik yaşlarda buraxılan boşluqları sonradan düzəltmək çox çətin olur.
Bu səbəbdən xüsusilə 6 yaşa qədər uşaqların texnologiya ilə təmasının minimum səviyyədə saxlanması vacibdir. 12 yaşa qədər isə valideyn nəzarəti ilə düzgün və nizamlı qrafik qurmaq lazımdır. 12 yaşdan sonra uşağın maraq dairəsi dəyişir və bu dövrdə texnologiya artıq tək əyləncə vasitəsi olmur; sosial münasibətlər, təhsil və hobbilər daha çox ön plana keçir. Bu yaşdan sonra uşaqları zorla telefona bağlamaq mümkün olmadığı kimi, onların texnologiyadan məsuliyyətli formada istifadə etməsi üçün də əvvəlki illərdə qoyulan təməl həlledici rol oynayır.
Nəticə etibarilə, uşağın sağlam psixoloji inkişafı, diqqət qabiliyyəti, sosial bacarıqları və dərs motivasiyası üçün texnologiyadan istifadəyə dair qaydaların erkən yaşlardan düzgün şəkildə formalaşdırılması son dərəcə vacibdir".