Banklar kredit faizlərini aşağı sala bilərmi ? - EKSPERT AÇIQLADI

12 Dekabr 2025 16:28 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 6,75 %-ə endirib. Bununla yanaşı, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə salınıb. Qərar 2025-ci ildə kredit faizlərinin azalıb-azalmayacağı ilə bağlı sualları yenidən gündəmə gətirib. Maraqlıdır, banklar kredit faizlərini aşağı salacaqmı?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankının faiz dərəcəsinin aşağı salınması iqtisadiyyat üçün stimullaşdırıcı bir addım kimi qiymətləndirilir:

"Bu, humanitar siyasətin yumşaldılması istiqamətində atılmış bir addımdır. Mərkəzi Bank bu qərarı ilə kreditləşmədə faizlərin aşağı salınmasını hədəfləyir ki, iqtisadiyyata daha çox vəsait daxil olsun. Yəni, kommersiya bankları daha asan və ucuz şərtlərlə kredit verə bilsinlər və onların maliyyə xərcləri azalsın.

Faiz dərəcəsi dedikdə, Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlər üzrə müəyyən etdiyi faiz nəzərdə tutulur. Bu dərəcə aşağı düşdükdə, bankların resurs xərcləri azalır, maliyyələşmə ucuzlaşır. Bu isə kreditlərin maya dəyərinin, yəni, bank üçün başa gələn xərclərin azalması deməkdir.

Bu vəziyyətdə ağıla gələn əsas sual budur: kommersiya banklarının hüquqi və fiziki şəxslərə verdiyi kreditlərin faizləri də aşağı düşəcəkmi? Amma praktikada bu proses bir qədər fərqli gedir. Kommersiya bankları bu qərarlara dərhal reaksiya vermirlər. Onlar riskləri, likvidlik vəziyyətlərini, bazar strategiyalarını nəzərə alırlar. Depozit faizləri hələ də yüksəkdirsə və kredit riski böyükdürsə, faizləri aşağı salmaqda maraqlı olmurlar. Yəni, bu qərar dərhal olmasa da, zamanla kredit faizlərinin tədricən aşağı düşməsinə səbəb ola bilər. Amma bunun baş verməsi üçün əlavə iqtisadi və bank sektoru amilləri də nəzərə alınmalıdır".