Sübh şəfəqlərində görünməyən qəhrəmanlar, onların yorğun baxışları...

12 Dekabr 2025 16:43 (UTC+04:00)

Səhərin ən erkən saatlarında şəhərin küçələrindən keçmisənsə, yəqin ki, hər gün gözümüzün öyrəşdiyi, amma ürəyimizin çox zaman hiss etmədiyi bir mənzərəni görmüsən: əlləri donmuş, kürəyi bükülmüş, yorğun baxışlarında isə həm keçmişin ağırlığı, həm də həyatın son ümidləri gizlənmiş yaşlı qadınları…

Onlar şəhərin səs-küyü qopmamışdan, dükanların qapısı açılmamışdan, insanların hələ yuxudan oyanmadığı saatlarda səssizcə işlərinə başlayırlar. Bəzən hamımızdan əvvəl oyanıb hamımızdan sonra evə dönən bu qadınlar küçələri deyil, sanki bizim vicdanımızı təmizləyirlər.

Düşünürsən ki, bir ömür boyu kim bilir nələr yaşayıblar? Övlad böyüdüblər, ailə saxlayıblar, ağır həyatın çarxından keçiblər… İndi isə əllərində süpürgə, tullantıları yığa-yığa sanki həm də ömürlərinin dağınıqlığını toplamağa çalışırlar.

Heç hiss etmisən? Onların üzündə qəribə bir təmkin var. Nə şikayət edirlər, nə də kimdənsə umurlar. Sadəcə, işlərini yavaşca görürlər - sanki şəhərin hər daşına hörmətlə toxunurlar.

Çünki onların ürəyi yorulub, bədəni yorulub, amma həyat qarşısında səbrləri yorulmayıb.

Yoldan keçən yüzlərlə insanın çoxu heç baxmadan keçir. Bəziləri yanından ötərkən hətta addımlarını da tezləşdirir. Amma o yaşlı qadının bir anda səni görüb yüngül gülümsəməsi var ki… İçində nəsə qırılır. Elə bil dünyanın bütün yorğunluğu tək bir gülüşün içində gizlənir.

Küçəni təmizləyən qadınların üzündə bəlkə də heç vaxt deyə bilmədikləri bir cümlə yazılıb:
“Biz də insanıq.”

Onlar bizim nənəmiz də ola bilərdi, anamız da, qonşumuz da… Və bəlkə də bir gün öz taleyimiz.

Bəzən düşünürəm: biz nə zaman öyrəndik ki, insanın dəyəri onun gəlirlərinə, geyiminə və ya əlindəki süpürgəyə bağlanır?

Əslində isə ən nəcib insanlar – gördüyü iş nə olursa-olsun, cəmiyyətin yükünü çiyninə alanlardır.

Hər dəfə o qadınları görəndə bir anlıq dayanmaq, sadə bir “sabahınız xeyir” demək belə onlara dünyanı dəyişəcək qədər böyük gəlir. Çünki bir insanın dəyərli olduğunu hiss etməsi – lüks deyil, ehtiyacdır.

Əsl təmizlik elə bu qadınlardadır…
Səssizliyində, təmkinində, alnının təri ilə qazandığı halal çörəkdə.

Onların əlləri bəlkə yorğundur, amma bu şəhərin vicdanı onların süpürgəsində gizlidir.

Günay Hacıyeva