Düzgün qaydada hazırlanmış suşini necə ayırd etmək olar ? - EKSPERT AÇIQLADI

12 Dekabr 2025 16:20 (UTC+04:00)

İnkişaf və inteqrasiya artıq qida rasionumuzun, ağız dadımızın dəyişməsinə gətirib çıxarıb. Bu ağız dadlarından biri də suşidir. Kiçikdən böyüyə reklamların təsiri ilə suşi yeyənləri sayı günbəgün artır. Bəs, düzgün qaydada hazırlanmış suşini necə ayırd etmək olar?

Məsələ ilə bağlı qida üzrə mütəxəssis Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, suşinin əsas tərkibi çiy balıq olduğuna görə bu məhsulun hazırlanması ciddi təmizlik, düzgün saxlanma və peşəkar yanaşma tələb edir:

"Düzgün hazırlanmayan suşi qida zəhərlənməsinə, bakterial, parazitar infeksiyalara səbəb ola bilər. Bu baxımdan bir istehlakçı olaraq suşi seçərkən bir neçə sadə, amma çox vacib qaydalara diqqət etməliyik. İlk növbədə suşi aldığınız məkanın ümumi təmizliyinə diqqət etməliyik. Peşəkar restoranlarda mətbəx tam görünür və prosesin necə getdiyi müşahidə oluna bilir. İşçilər əlcək və çapıqdan istifadə etməli, təmizliyə ciddi riayət etməlidirlər. Balıq və tərəvəz üçün istifadə olunan kəsici lövhələr bir-birindən ayrı olmalıdır. Suşidə istifadə olunan balığın qoxusu və görünüşü də çox vacibdir. Keyfiyyətli balıq kəskin qoxu vermir, rəngi parlaq və təmiz olur. Balığın səthində selik, yapışqanlıq, quruma, rəng dəyişməsi görünürsə, bu məhsulun artıq uyğun olmadığının əlamətidir. Çiy balıqda ən ciddi təhlükələrdən biri parazitlərdir. Buna görə beynəlxalq qida təhlükəsizliyi standartlarına görə suşi balığı ən azı -20°C temperaturda əvvəlcədən dondurulmalıdır. Bu qayda parazitləri məhv edir və məhsulu təhlükəsiz edir. Etibarlı restoranlar bu praktikadan çəkinmir və bunu gizlətmirlər.

Suşinin digər hissəsi olan düyü də düzgün hazırlanmalıdır. Otaq temperaturunda saxlanılan düyü sirkə ilə turşulaşdırıldığı üçün bakteriyaların çoxalmasının qarşısını alır. Lakin düyü çox isti və ya çox soyuq olmamalıdır. Yapışqan, lakin əzilməmiş bir forma saxlamalıdır. Yosun, tərəvəz və digər əlavələr də təzə olmalı, xoşagəlməz qoxu və ya qaralma olmamalıdır. Suşini çatdırılma yolu ilə sifarişində risk çox yüksəkdir. Çiy balıq yalnız soyuq mühitdə təhlükəsiz qalır. Çatdırılma çox gecikirsə, qutu isti görünürsə, balıq otaq temperaturunda deyilsə, həmin suşini istifadə etmək olmaz. Çatdırılma ideal olaraq 30-45 dəqiqədən çox olmamalıdır. Üstəlik sosial şəbəkələrdə səhifələr vasitəsilə suşi satışı edilir. Bu halda biz suşidə istifadə olunan qida məhsullarının necə hazırlandığını, sanitar-gigiyena qaydalarına necə riayət olunduğu, məhsulun mənşəyini bilmirik. Etibarlı suşi restoranlarının bir xüsusiyyəti də onların şəffaflığıdır. Onlar balığın hansı ölkədən gəldiyini, necə saxlandığını, kim tərəfindən hazırlandığını açıq göstərirlər. Menyuda balığın mənşəyi ilə bağlı məlumat verməsi, rəsmi icazələrinin və müsbət rəylərin olması həmin məkanın təhlükəsizlik standartlarına əməl etdiyini göstərir".