"Azərbaycan ilə Slovakiya arasında münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması regionda formalaşan geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. 1993-cü ildə qurulan diplomatik əlaqələr uzun müddət əsasən siyasi dialoq və məhdud iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf edirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, lakin ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin mahiyyətini dəyişərək bu əlaqələri institusional və sistemli əməkdaşlıq səviyyəsinə yüksəltdi: "Bu sənəd təkcə iki ölkənin siyasi iradəsinin ifadəsi deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, innovasiya və mədəni-humanitar sahələrdə geniş miqyaslı layihələrin əsasını qoyur. Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri məhz bu strateji çərçivənin reallaşdırılması baxımından xüsusi rol oynayır. Səfər çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər göstərir ki, Bratislava Azərbaycanı Mərkəzi Avropada etibarlı tərəfdaş, Bakı isə Slovakiyanı Avropa İttifaqı daxilində öz mövqelərini gücləndirən mühüm aktor kimi görür. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə Slovakiyanın Cənubi Qaz Dəhlizinə qoşulmaq marağı, Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolunu daha da möhkəmləndirəcək. Bundan başqa, yaşıl enerji, logistika və tranzit imkanları üzrə əməkdaşlıq hər iki ölkənin regional rəqabət qabiliyyətini artıracaq.
Parlament diplomatiyasının aktivləşməsi, biznes forumlarının keçirilməsi və investisiya əlaqələrinin dərinləşdirilməsi yaxın illərdə qarşılıqlı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq. Mədəni və təhsil sahəsində əməkdaşlıq da iki xalq arasında humanitar körpüləri möhkəmləndirəcək. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan-Slovakiya əlaqələri artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Avropa və Cənubi Qafqaz regionlarında daha geniş geosiyasi əməkdaşlıq modelinə çevrilməkdədir".