MEK dövlətçiliyə dair nəşrlərin virtual sərgisini davam etdirir

12 Dekabr 2025 15:48 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) fonduna daxil olan Azərbaycan dövlətçiliyinə dair yeni informasiya resurslarının virtual sərgisinin (https://heyzine.com/flip-book/803abd382a.html) 2025-ci il üzrə ikinci buraxılışını təqdim edir.

MEK-dən SİA-ya bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşrlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük siyasət yolu ideoloji sistem kimi yeni və dolğun materiallar əsasında dərindən araşdırılaraq, Azərbaycanda bütün sahələrdə dayanıqlı və sabit inkişafın əsaslarının formalaşdırılmasından bəhs edilir.

Sərgilənən nəşrlərdə Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin tarixi rolu, qətiyyətli sərkərdəliyi, Qərbi Azərbaycan torpaqlarında törədilən qanlı cinayətlər konkret faktlar, tarixi araşdırmalar əsasında öz əksini tapıb.

Sərgidə “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: tarixi və siyasi varislik”, “Azərbaycan”: “Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu (sentyabr 1918 - oktyabr 1919)”, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində Heydər Əliyev siyasəti”, “İlham Əliyev və yaşıl dünya naminə Azərbaycan (çap və elektron sənəd- informasiya resursları): biblioqrafik göstərici”, “Mənim Prezidentim : Ulu Öndər Heydər Əliyevin 100 yaşına”, “Heydər Əliyevin Ağdamın dinamik inkişaf konsepsiyası (XX əsrin 60-cı illərin sonu - 80-cı illərin əvvəlləri)”, “Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı”, “Bu yol Heydər yoludur”, “Azərbaycan Konstitusiyası və suverenlik: biblioqrafiya”, “Qarabağ zəfərinin əsasları”, “Vətən müharibəsinin salnaməsi”, “Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur” və başqa nəşrlər nümayiş olunur.

Qeyd edək ki, virtual sərgi ilə yanaşı MEK-də ənənəvi sərgi də təşkil olunub.