Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

12 Dekabr 2025 14:10 (UTC+04:00)
10 dekabr 2025-ci il tarixində Əzim Əzimzadənin Mənzil Muzeyində, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar muzeyin, Cəfər Cabbarlı Mənzil-Muzeyinin və Sübhnur Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar xanım Məmmədova, Müasir innovasiyalar litseyin direktoru Sevinc Vaqif qızı, Ordubadi muzeyinin rəhbəri Rasimə Əhmədova, Sübhnur TM rəhbəri Gülnarə Hüseynova və digər dəyərli qonaqlar Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən çıxışlar ediblər.

Tədbir çərçivəsində Müasir İnnovasiyalar Liseyinin təsviri incəsənət dərnəyinin üzvləri tərəfindən hazırlanmış rəsm əsərləri nümayiş olunub. Əsərlərdə Ulu Öndər Heydər Əliyevin irsi, Şuşa və Qarabağda qələbəmizin simvolu olan üçrəngli bayraq, qəhrəman əsgərlərin obrazları, eləcə də Zəfərimizin rəmzi “Xarı bülbül” motivləri əks olunub. Mərkəzin metodisti sərgidə təqdim olunan əl işləri və muzeyin eksponatları barədə millət vəkilinə, şagirdlərə və digər qonaqlara ətraflı məlumat verib.

Tədbir bədii proqramla davam edib. Daha sonra tədbir iştirakçıları muzey rəhbərliyi və təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Mətləb Salahov