"Azərbaycan Prezidentinin Slovakiyaya səfəri, təbii ki, iki dövlət arasında yeni bir siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
.jpg)
Onun sözlərinə görə, bu səfər bütün sahələrdə – ticarət, mədəniyyət, elm, hərbi-texniki əməkdaşlıq və enerji sahəsində əlaqələrin daha da intensiv şəkildə inkişafına təkan verir: "Xüsusilə Slovakiya Azərbaycanın qazını idxal etməkdə maraqlıdır və artıq bu istiqamətdə qaz idxalı həyata keçirilir.
Digər tərəfdən, Azərbaycan Slovakiyadan artilleriya sistemləri alacaq. Xatırladım ki, 2014-cü ilin mayında Slovakiyanın Baş naziri Robert Fico Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdı. Bu sənəd əsasında Azərbaycan və Slovakiya strateji tərəfdaş statusu alıb və bu tərəfdaşlıq əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradır.
Düşünürəm ki, Slovakiya Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlardan faydalanmaq, xüsusilə Xəzər hövzəsi ölkələri ilə Qərbi Avropa arasında nəqliyyat və enerji əlaqələrinin inkişafında iştirak etmək niyyətindədir. Bu, həm də Slovakiyanın iqtisadi maraqlarına cavab verir.
Hazırda Slovakiya Azərbaycanın ərazilərində müxtəlif layihələr həyata keçirir və bu layihələr uğurla icra olunur. Beləliklə, Slovakiya–Azərbaycan münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindədir və gələcəkdə bu münasibətlər müttəfiqlik səviyyəsinə yüksələ bilər".