"Ulu Öndərin ideyaları bu gün də yaşayır" - ŞƏRH

12 Dekabr 2025 12:12 (UTC+04:00)

"12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür və bu gün təkcə tarixi bir gün deyil. Bu tarix hər bir azərbaycanlı üçün düşünmək, xatırlamaq və nəticə çıxarmaq günüdür. Çünki bu gün biz yalnız böyük bir şəxsiyyəti deyil, eyni zamanda müasir Azərbaycan dövlətinin necə qorunduğunu və bu günə necə gəlib çıxdığını xatırlayırıq". Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, BDU-müəllimi, Ülkər Məmmədzadə deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan çox ağır bir dövrdən keçirdi. Dövlət demək olar ki, dağılmaq təhlükəsi ilə üz-üzə idi. Xaos, qarşıdurma, ümidsizlik hökm sürürdü və məhz belə bir vaxtda Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı ölkə üçün sözün əsl mənasında xilaskarlıq missiyası oldu.

Heydər Əliyev öz üzərinə xilaskarlıq missiyasını götürdü və ilk növbədə ölkədə sabitlik yaratdı. Çünki sabitlik dövlətçilik üçün ən vacib şərt idi. Onun ən böyük xidmətlərindən biri də güclü dövlət düşüncəsini Azərbaycan cəmiyyətinə aşılaması oldu. O, sübut etdi ki, müstəqillik sadəcə bayraq və ya şüar deyil; müstəqillik məsuliyyət, sistem və qanundur.

1995-ci ildə qəbul edilən Konstitusiya ilə Azərbaycan hüquqi dövlət yoluna qədəm qoydu. Dövlətin institusiyaları formalaşdı, xalqda gələcəyə inam yarandı. Onun qoyduğu ən dəyərli irslərdən biri isə, təbii ki, azərbaycançılıq ideologiyası idi. Bu ideologiya bizi birləşdirən, kimliyimizi qoruyan və dövlətə bağlayan əsas dəyərdir. Heydər Əliyev hər zaman deyirdi ki, bu ölkənin sahibi onun bütün vətəndaşlarıdır – dinindən, millətindən asılı olmayaraq. Bu baxış bu gün də Azərbaycan üçün güc mənbəyidir.

Heydər Əliyev bütün sahələrdə Azərbaycanı inkişaf etdirirdi. İqtisadi sahədə “Əsrin müqaviləsi”ni imzalaması gələcək üçün atılmış strateji addımlardan biri idi. Azərbaycan bu müqavilə ilə öz təbii sərvətlərinə sahib çıxdı. Neft gəlirləri ölkənin inkişafına və insanların rifahına xidmət etməyə başladı. Bu isə iqtisadi müstəqilliyin təməlini qoydu.

Bu gün müasir Azərbaycan güclü dövlətdirsə, beynəlxalq aləmdə söz sahibidirsə, bu, təsadüfi deyil. Bu, Heydər Əliyevin müəyyən etdiyi strateji yolun nəticəsidir. Onun dövlətçilik fəlsəfəsi bu gün də yaşayır və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyev sadəcə bir lider deyildi – o, dövlətçilik məktəbi yaratmış, gələcək nəsillərə yol göstərmiş böyük tarixi şəxsiyyətdir. 12 dekabr isə bu böyük irs qarşısında ehtiram günüdür".