Çiçək Rəşidovanın oğlu beynəlxalq robototexnika yarışında uğur qazanıb

12 Dekabr 2025 11:42 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin tibb qeydiyyatçısı Çiçək Rəşidovanın oğlu Amin Rəşidli Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən “Əl Yapon Robot Suma” beynəlxalq yarışında yüksək nəticə göstərərək sertifikatla təltif edilib.
Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev Amin Rəşidli ilə görüşərək onun nailiyyətini yüksək dəyərləndirib, əldə etdiyi uğurun hamı üçün qürurverici olduğunu bildirib. Baş həkim Bəxtiyar Musayev Aminin gənc yaşda texnologiya və robototexnika sahəsinə göstərdiyi marağın alqışlanmalı olduğunu vurğulayaraq ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb.
Qeyd edək ki, yarışda robotların idarə olunması sahəsində öz bacarıqlarını nümayiş etdirən Amin Rəşidli dəqiqliyi, düzgün manevr etmə qabiliyyəti və texniki hazırlığı ilə münsiflər heyətinin diqqətini cəlb edib. Onun göstərdiyi nəticə iştirakçılar arasında fərqlənərək xüsusi sertifikatla qiymətləndirilib. “Əl Yapon Robot Suma” yarışları gənclər arasında texniki yaradıcılığın inkişafını təşviq edən beynəlxalq platforma kimi tanınır və iştirakçıların mühəndislik bacarıqlarının ortaya çıxmasına mühüm töhfə verir.
Amin Rəşidlinin atası Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tural Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Rəşidov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi və kollektivi Xəstə Xidmətləri şöbəsinin tibb qeydiyyatçısı Çiçək Rəşidovanı və gənc istedad Amin Rəşidlini təbrik edir, ona gələcəkdə robototexnika və mühəndislik sahəsində daha böyük nailiyyətlər əldə etməyi arzulayır!