Parisdə Fransa-Azərbaycan Universitetinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb

12 Dekabr 2025 11:29 (UTC+04:00)

Parisdə Fransa-Azərbaycan Universitetinin (UFAZ) icraçı direktoru və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Vazeh Əsgərov Fransanın ali təhsil və diplomatik dairələrinin nümayəndələri ilə görüşüb.

SİA xəbər verir ki, görüşdə Fransanın Ali Təhsil, Tədqiqat və Kosmik Fəaliyyətlər Nazirliyinin Avropa və beynəlxalq əlaqələr üzrə direktoru Donato Corci, həmin nazirliyin Avropa ölkələri ilə ikitərəfli münasibətlər üzrə məsul şəxsi Marion Lindenlob, eləcə də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin siyasət üzrə müşaviri Elenor Qarnye iştirak ediblər.

Tərəflər UFAZ-ın hazırkı fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-akademik proqramlar, tələbə və müəllim mübadiləsi imkanları və universitetin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüş Fransa–Azərbaycan akademik və elmi əməkdaşlığının yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirərək, UFAZ-ın beynəlxalq ali təhsil məkanında mövqeyinin gücləndirilməsi üçün yeni imkanlar açır.

İştirakçılar bu görüşü UFAZ-ın inkişaf strategiyasında mühüm mərhələ kimi dəyərləndirərək, gələcəkdə daha genişmiqyaslı birgə layihələrin reallaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildiriblər.