"Azərbaycan kişiləri məzuniyyətdən istifadə etməkdə tərəddüd edir" - MÜNASİBƏT BİLDİRİLDİ

12 Dekabr 2025 10:21 (UTC+04:00)

"Azərbaycanda atalıq məzuniyyəti mövcud olsa da, praktikada kişilərin böyük əksəriyyəti bu hüquqdan istifadə etmir. Bunun əsas səbəbi isə mövcud qanunvericilikdə atalıq məzuniyyətinin ödənişsiz olmasıdır. Hazırda bu məzuniyyətin müddəti 14 gün olaraq müəyyən edilib". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Lakin ödənişsiz olması həm ailə büdcəsinə təsir, həm də işçi üçün iqtisadi itki riskləri yaratdığı üçün real istifadəsi son dərəcə aşağı səviyyədədir.

Son dövrlər təklif olunan dəyişikliklər bu baxımdan həm sosial, həm psixoloji, həm də institusional səviyyədə çox vacib və zamanın tələbinə uyğun bir addım kimi qiymətləndirilməlidir. Atalıq məzuniyyətinin genişləndirilməsi və ya ödənişli əsaslara keçirilməsi ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin daha ədalətli bölüşdürülməsi və ailədaxili harmoniyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Burada mühüm bir sual ortaya çıxır: Azərbaycanda kişilər bu məzuniyyətə real olaraq çıxacaqmı? Təcrübə və sosial-mədəni reallıqlar göstərir ki, hazırda kişilərin böyük qismi bu addımı atmağa tərəddüd edəcək. Bunun isə bir neçə səbəbi var:

Dünya təcrübəsi də göstərir ki, atalıq məzuniyyəti bir çox ölkələrdə ilk illərdə çətin qəbul olunub. Məsələn, Türkiyədə tətbiqin ilk dövrlərində kişilərin cəmi 10–15 faizi bu məzuniyyətdən yararlanırdı. Skandinaviya ölkələrində isə qanunlar sərtləşdirildikdən, məzuniyyətin bir hissəsi yalnız ataya məxsus edildikdən sonra istifadə səviyyəsi 80 faiz-ə yüksəlib. Bu da göstərir ki, düzgün hüquqi baza və sosial təşviq mexanizmləri olduqda, kişi valideynlərin ailədaxili rolu nəzərəçarpacaq dərəcədə genişlənir.

Evdə övladın böyüdülməsi həm ananın, həm də atanın birgə məsuliyyətidir. Lakin bu o demək deyil ki, ailə daxilində kişi və qadının bütün hüquq və vəzifələri tamamilə eynidir. Sadəcə olaraq, müasir ailə modelində hər iki valideynin tərbiyəvi, emosional və sosial funksiyaları paralel şəkildə önə çıxır. Atanın qısa müddət də olsa evdə olması ailənin ümumi tərbiyəvi fünksiyasında böyük əhəmiyyət kəsb edir.Düşünürəm ki, zaman keçdikcə bu imtiyazdan daha çox istifadə ediləcəkdir".