“Ulu Öndər Heydər Əliyevin adı artıq ötən əsrin 60-cı illərinin ortalarından sadə azərbaycanlı üçün önəm kəsb etməyə başlayıb. O, SSRİ miqyasında və milli subyektlərdə ən nüfuzlu qurum olan təhlükəsizlik sistemində, daha dəqiq desək, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr vəzifəsinə yüksəlmiş ilk azərbaycanlı idi. Milli kimlik, din, dil, mədəniyyət sahəsində tarixi dönüş məhz Heydər Əliyevin rəhbərlik etdiyi DTK-nın himayəsində təşəkkül tapmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, 1969-cu ilin 14 iyulunda Ümummilli Liderin Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başlaması isə bütövlükdə Azərbaycan tarixində yeni eranın başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu:
“Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründəcə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından isə çox daha müstəqil idi.
Biz illər ərzində yanlış təbliğatın, yarıtmaz tarix dərsliklərinin ucbatından Sovet Azərbaycanına ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi. Heydər Əliyev “dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar?" sualına cavab verməyi bacaran ilk və son lider oldu.
Heydər Əliyev milli özünüdərkdir, Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir. Kimin hansı mif uydurmasından asılı olmayaraq, etiraf etməliyik ki, mövcudiyyəti dövründə SSRİ-yə öz dövlətimiz kimi yanaşmış, bu dövlətə sidq ürəkdən inanmışıq. Bizim çox dəyərli ziyalılarımız belə əqidəli kommunist kimi Sovet dövlətini özününkü hesab edib. Bu inamla yaşayan xalqın müstəqillik barədə düşünərək SSRİ kimi qüdrətli bir dövlətdən üz çevirməsi faktiki mümkünsüz idi. Amma Ulu Öndərin haqsızlıqlara məruz qalıb 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması bu xalqın sovetlərə inamının itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır.
Ulu Öndərin istefasından iki həftə keçməmiş o vaxtkı “Dağlıq Qarabağ Muxtar Vilayətinin” Ermənistanın tərkibinə verilməsi məsələsini qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki cənab İlham Əliyevin 2023-cü il 10 mayda Şuşadan bəyan etdiyi kimi, “Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu”. Məlumdur ki, Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən onların Azərbaycana ərazi iddiaları var və 1969-cu ilə qədər bu iddialarını hissə-hissə uğurla realizə ediblər. Hətta 60-cı illərin ortalarında sosial-məişət zəminini bəhanə edib Qarabağda qiyam da qaldırmışdılar və Qarabağın Ermənistana birləşdirilməsi hələ o zaman artıq labüd idi. Məhz Heydər Əliyevin simasında Azərbaycanda güclü və milli iradənin hakimiyyətə gəlməsi bu prosesə nöqtə qoydu. 1969-cu ildən 1987-ci ilə qədər Qarabağda bir nəfər də olsun millətçi-daşnak təfəkkürü baş qaldıra bilməmişdi. Amma Heydər Əliyevsiz 6 il Azərbaycan xalqının tarixində ən ağır faciələr dönəmi kimi tarixə düşdü, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı, 30 ildən artıq davam edən məğlubiyyətlər seriyası, işğal və təcavüz dövrü başlandı.
1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi.
Sonrakı illərdə bizi inkişafa, tərəqqiyə aparan yol məhz Ulu Öndərin sayəsində başlandı. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti, heç şübhəsiz ki, xalqın taleyini öz siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etibar etməsi oldu. 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərində oldu. Ona görə də 2003-cü ilə qədərki dövlət quruculuğu prosesində biz Ulu Öndərlə bərabər, Onun əsas silahdaşı kimi məhz cənab İlham Əliyevin adını çəkməliyik.
Qarabağ məsələsi Ulu Öndərin nisgili idi, hətta 1 oktyabr 2003-cü ildə, özünün həyatını həsr etdiyi xalqına son müraciətində də dahi Lider ifadə edirdi ki, “xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik”. Baxmayaraq ki Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, “xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı”. Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhvali-ruhiyyəsinə üstünlük verdi.
Baxmayaraq ki Ulu Öndər dediyi kimi, “Bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi”. Cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir! Cənab İlham Əliyev məhz milli düşüncəni təmsil edirdi və xalqın tükənməz dəstəyi ilə O həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi. Heydər Əliyev siyasi kursuna sadiq qalaraq 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Azərbaycan Respublikası isə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Bu isə elə Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının Ulu Öndəri Heydər Əliyevin görmək istədiyi mənzərə idi”.