"Əmək məhsuldarlığı - saat ərzində və yaxud da gün ərzində, ümumiyyətlə, müəyyən vaxt ərzində istehsal olunmuş məhsulun həcmi ilə ölçülür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, müxtəlif ölçü vahidləri var: vaxta görə məhsuldarlığın hesablanması və yaxud xərclərə görə məhsuldarlıq - yəni bir manatlıq xərclə nə qədər məhsul istehsal olunub və s.
Günün sonunda əmək məhsuldarlığının aşağı olması nə deməkdir? Bu, istehsal olunan məhsulun həcminin azalması, yəni daha az məhsul istehsal olunması deməkdir: "İkinci vacib məqam isə budur: əmək məhsuldarlığının aşağı olması məhsulun maya dəyərini artırır, çünki istehsal xərcləri yüksəlir. Nəticədə bu, məhsulun qiymətinin bahalaşmasına gətirib çıxarır.
Görürsünüz, əmək məhsuldarlığının aşağı olmasının necə ciddi mənfi təsirləri var. Birincisi, məhsul bolluğunun qarşısını alır və bu da qiymət artımına səbəb olur. İkincisi, istehsal xərclərinin çoxalması nəticəsində maya dəyəri artır və bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Bu qədər təsirli bir göstəricidir".