“Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaratdığı və eyni zamanda Azərbaycan xalqının möhtəşəm tarixini yaradan bir şəxsiyyətdir. Xalqımız 200 il bundan əvvəl müstəqil dövlətçiliyini itirmişdi. 1920-ci ildə AXC işğal olunduqdan sonra uzun müddət öz hüquqlarını müdafiə edə bilmirdi və zaman-zaman tarix səhnəsinə xalqın sözünü deyən, onu irəli aparacaq və müstəqilliyə qovuşduracaq şəxsiyyətlər çıxırdı. Bunlardan ən qüdrətlisi isə Ulu Öndər Heydər Əliyev oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, təhlükəsizlik orqanlarını idarə edərkən, həmin orqanları cəmiyyəti cəzalandıran deyil, onu qoruyan struktura çevirdi:
“Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə isə ölkəmiz bütün sahələrdə böyük inkişaf qazandı. Azərbaycan xalqı öz hüquqlarını müdafiə edən bir toplum kimi formalaşdı. SSRİ rəhbərləri arasında da Ümummilli Lider Heydər Əliyev həm bacarığı, həm uzaqgörənliyi ilə seçilərək tarixdə iz qoydu.
Ulu Öndərin əvvəlcə Naxçıvana, sonra isə Azərbaycana rəhbərliyə gəlməsi ölkəmizi müstəqilliyini itirməkdən xilas etdi. Azərbaycanın bir sistemdən digərinə keçidini minimal itkilərlə təmin etdi. Onun rəhbərliyi ilə aparılan islahatlar müasir siyasi sistemimizin əsasını qoydu. İqtisadiyyatın yeni modeli formalaşdı, Azərbaycanın təbii sərvətləri qorundu və dünya birliyində nüfuzlu dövlətə çevrildi. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü prinsiplər Vətən müharibəsində və sonrakı mərhələdə həyata keçirilən siyasətə əsas oldu. Ulu Öndərin ən böyük xidmətlərindən biri də, məhz özündən sonra Azərbaycanı uğurla idarə edə biləcək şəxsiyyət – cənab Prezident İlham Əliyevi yetişdirməsi oldu.
Cənab Prezident bu siyasi xətti uğurla davam etdirir. Torpaqlarımız azad olundu, həmin ərazilərdə həyat yenidən canlanmağa başlayır. Azərbaycan bu gün güclü, nüfuzlu bir ölkədir. Cənab Prezident dünya miqyasında tanınır və hörmətlə yanaşılan siyasi liderdir.
Bütün bu nailiyyətlər, Ulu Öndərin vaxtilə qoyduğu möhkəm təməl və siyasi yolun nəticəsidir. Onun xatirəsi hər zaman hörmətlə anılacaq. Azərbaycan var olduqca, Heydər Əliyevin adı daim ehtiramla çəkiləcək. Tarix səhifələrində onun adı qızıl hərflərlə yazılıb və gələcək nəsillər də Ulu Öndər Heydər Əliyevi Azərbaycan adını göylərə qaldıran, xalqın yenidən inamlı olmasında böyük rol oynayan, Azərbaycanın ağrılı problemlərini zamanında həll edən böyük azərbaycanlı, vətənpərvər, sərkərdə və müdrik lider kimi tanıyacaq”.