"Yeni turizm istiqamətləri formalaşır" - EKSPERT DANIŞDI

10 Dekabr 2025 15:38 (UTC+04:00)

"Turizmin iqtisadiyyatda payını artırmaq üçün turizmin müxtəlif istiqamətləri var. Əsasən bu istiqamətlər ölkənin potensialını onun infrastruktur, xidmət və təşkilatlanması ilə bağlı analiz edərək müəyyənləşdirilir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: "Yeni istiqamətlər üzrə yeni təkliflər hazırlayıb xarici qonaqlara təqdim etmək olar. Hal-hazırda rentabelli olaraq qış turizmi daha aktualdır və xarici turistlərin marağına səbəb ola bilər. Əsasən bu istiqamətin adı qış turizmidir ki, burada idman və turizmin sintezi turistlərin ən çox bəyəndiyi sahələrdən biridir. Ölkəmizdə Tufandağ və Şahdağ yay-qış turizm-idman kompleksləri turistlərin qış aylarında ən çox ziyarət etdikləri məkanlardır. Xizək sürmə və qış idman növləri turistlər üçün maraq kəsb edir. Həmçinin beynəlxalq yarışların keçirilməsi və ev sahibliyi etmək xaricdən gələn turistlərin sayına təsir göstərir. Bu, bütün il boyu xidmət göstərilən istiqamətlərdən biridir.

Digər turizm istiqaməti təhsil turizmidir ki, bununla bağlı da düzgün işlərin görülməsi vacibdir. Xarici tələbələrin ölkəmizdə təhsil alması üçün zəruri şərait yaradılmalıdır. Təhsil turizmi rentabelli və gəlirli istiqamətdir. Çünki bura gələn tələbə qonaq demək olar ki, minimum 2 ildən 4 ilə qədər ölkəmizdə qalaraq həm təhsil alır, həm də vəsait xərcləyir. Orta hesabla bir tələbə-turist 9–14 turistin xərcinə bərabərdir".