"Mövcud, geosiyasi şərtlər əslində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin öz təhlükəsizliyini özləri tərəfindən qorunmasını zəruri edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, bilirik ki, artıq dünyada təkqütblü sistem yox, çoxqütblü dünya sistemi formalaşır: "Bu sistemdə Türk Dövlətləri Təşkilatı da regional baxımdan güc mərkəzinə çevrilir və əgər prosesin inkişafına doğru addımlar atılarsa, xüsusilə Türk Dövlətləri Təşkilatının daxilində dərin inteqrasiya prosesi həyata keçirilərək birlik daha da güclənərsə, bu coğrafiyada Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan ərazidə təşkilat regional proseslərə təsir edən gücə, hətta qlobal proseslərə təsir edə biləcək bir gücə çevrilə bilər. Burada ən önəmli məsələ təhlükəsizliyin təmin edilməsidir. Çünki əgər qlobal proseslərdə aktiv oyunçu kimi çıxış etmək istəyirlərsə, Türk Dövlətləri Təşkilatı bu regionun təhlükəsizliyinin təmin edilməsini də öz üzərinə götürməlidir. Fikrimizcə, bunun konturlarını Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Qəbələ Zirvəsində qeyd etdi. Cənab Prezident bildirdi ki, Türk Dövlətləri Təşkilatı qarşılıqlı şəkildə hərbi təlimlər keçirməlidir. Bu, mövcud şəraitdə ən uyğun və real addımdır.
Təlimlər praktiki müstəvidə hərbi əməkdaşlığı gücləndirə bilər. Mövcud şəraitdə hərbi ittifaq yaradılması perspektivi bir qədər zəif görünür. Bunun bir neçə səbəbi var: məsələn, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin bəziləri fərqli hərbi ittifaqlarda yer alırlar. Türkiyə NATO-da, bəzi Mərkəzi Asiya ölkələri KTMT-də. Belə şəraitdə hərbi ittifaq yaratmaq texniki cəhətdən çətindir. Bundan başqa, belə bir addım digər regional güclərin əks reaksiyasına səbəb ola bilər.
Ona görə ən real və optimal yol rəsmi hərbi ittifaq deyil, praktiki hərbi əməkdaşlıqdır. Bu, təlimlər vasitəsilə, ortaq hərbi sənaye quruculuğu vasitəsilə və yüksək texnologiyaların paylaşımı ilə həyata keçirilə bilər.
Hazırda Türk Dövlətləri Təşkilatında siyasi və iqtisadi inteqrasiya güclənməkdədir. Amma hərbi sahədə bu proses bir qədər geridə qalır. Buna görə də gələcəkdə bu sahədə addımların atılması vacibdir. Eyni zamanda yüksək texnologiyalar və rəqəmsallaşma istiqamətində də ortaq təşəbbüslərə ehtiyac var".