Kolbasa məhsulları gündəlik qidalanmada geniş istifadə olunsa da, bazarda ucuz qiymətə satılan variantların keyfiyyəti ilə bağlı narahatlıqlar mövcuddur. Belə məhsulların tərkibində ətin payının azalması, bitki mənşəli əlavələrin və texnoloji maddələrin çoxluğu onların qida dəyərini aşağı sala bilər. Bəs, kolbasa alarkən nələrə diqqət edilməlidir?
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, ucuz qiymətə satılan kolbasaların bir qismi aşağı keyfiyyətli xammaldan hazırlanır:
"Bu kolbasaların tərkibində bir çox hallarda ətin payı az olur. Bitki mənşəli əlavələr, soya zülalı, nişasta, həmçinin yağ və duz çox əlavə edilir. Bu cür məhsulların təhlükəli olması şərt deyil. Qida dəyəri aşağı olur, uzun müddət tez-tez istifadə edildikdə sağlamlıq üçün risklər yarada bilər. Ucuz kolbasalarda rəngi qorumaq, dadını gücləndirmək və saxlanma müddətini artırmaq üçün daha çox texnoloji əlavələrdən istifadə edilir. Normativlər icazə verdiyi hallarda bu maddələr təhlükəsiz sayılır. Kolbasa alarkən diqqət edəcəyimiz bir neçə məqam var. Tərkib siyahısında ilk yerdə ət yazılmalıdır. Ətin payı aşağı, siyahıda soya, nişasta, bitki zülalı kimi əlavələr çoxdursa, bu məhsulun keyfiyyəti aşağı ola bilər. Mexaniki ayrılmış ət yüksək miqdarda olduqda məhsulun dəyəri və teksturası zəifləyir. Bu heyvanın sümüklərindən adi kəsim prosesindən sonra qalan ət qırıntılarının xüsusi maşınlar vasitəsilə ayrılması prosesidir. 20–25%-dən çox yağ olan kolbasalar daha kalorili və ağır olur. Çox parlaq çəhrayı rəng məhsulda rəng qoruyucu maddələrin normadan artıq istifadə olunduğunun əlaməti ola bilər. Ən sağlam rəng açıq və təbii ət rənginə yaxın olmalıdır. Bir çox hallarda aşağı keyfiyyəti gizlətmək üçün ədviyyatdan çox istifadə olunur. Kəskin ədviyyat qoxusu hiss olunur. Kəsik səthi çox hamar və kauçuk kimi elastikdirsə, tərkibində əlavələr çox ola bilər. Nəzərə almalıyıq ki, ət ucuz deyil. Təmiz ətlə istehsal olunan kolbasa ucuz qiymətə sata bilməz. Ucuz məhsul adətən daha çox əlavələr və daha az ətlə hazırlanır. Sertifikatlara, paket üzərindəki qeydiyyat nömrəsinə də diqqət etməliyik. Məhsul soyuducuda müsbət 2-6°C temperaturda saxlanmalıdır. Soyuducu vitrində normadan kənar istilik varsa, məhsulun təhlükəsizliyi şübhə altındadır. Tarixin silinmiş, qaralmış, ya da oxunmaması risk göstəricisidir. Açdıqdan sonra 2–3 gün ərzində istifadə etsək yaxşı olar".