YAP Səbail rayon təşkilatında anım tədbiri keçirilib - YENİLƏNİB/FOTOLAR

10 Dekabr 2025 13:23 (UTC+04:00)

YAP Səbail Rayon Təşkilatının Qərargahında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçılarının Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etməsi ilə başlayıb.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra bir dəqiqəlik sükut elan olunub və Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova çıxış ediblər.

Muxtar Nağıyev çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan ləyaqətliliyini elə bir səviyyədə nümayiş etdirib ki, istər çətin, istərsə də sabit dövrlərdə ölkənin inkişafı üçün mühüm işlər görülüb. Xalqımız bütün təzyiqlərə, maneələrə və siyasi təxribatlara baxmayaraq, Heydər Əliyevin müəyyən etdiyi strateji kursa sadiq qalaraq böyük səbir və əzmlə irəliyə doğru addımlayıb. Muxtar Nağıyev qeyd edib ki, Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etməsi, xalqın iradəsi və siyasi həmrəyliyin nəticəsi olaraq mümkün olub və bu Qələbənin təməli Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qoyulub.

O həmçinin bildirib ki, Ulu Öndərin Naxçıvanda gördüyü işlər, xüsusilə üçrəngli bayrağın dövlət səviyyəsində qəbul edilməsi Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi olub:
“Bu addım həm cəsarətli, həm də tarixi qərar idi və gələcək dövlətçilik modelimizin əsasını qoydu.”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxışında qeyd edib ki, 1970–80-ci illərdə Azərbaycanın elmi, mədəni həyatı və milli düşüncə səviyyəsi yüksəlmiş, iqtisadiyyat inkişaf etmiş, milli kadrlar yetişmiş və Azərbaycan dili dövlət səviyyəsində tanınmışdı. “Bu gün əldə etdiyimiz uğurların təməli məhz 1969–1987-ci illərdə atılıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlətə çevrilməsi yolunda mühüm addımlar atılıb. Həmin dövrdə formalaşan siyasi, mədəni və milli iradə bugünkü müstəqilliyimizin əsasıdır,” – deyə deputat bildirib.

Bəhruz Məhərrəmov həmçinin vurğulayıb ki, 1980-ci illərin sonlarında xalq hərəkatının önündə Heydər Əliyevin adı dayanıb: “Əlində Heydər Əliyevin plakatı ilə küçələrə çıxan insanlar, xüsusilə Naxçıvan və Qarabağ bölgələrindən olan ziyalılar, ulu öndərə dəstək göstərirdilər. Sovet rejiminə inamın sarsıldığı dövrdə bu dəstək Azərbaycan xalqının müstəqillik arzularının təzahürü idi. Həqiqi müstəqillik Heydər Əliyevin adı ilə bağlıdır.”

Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova çıxışında bildirib ki, Ulu öndər ən çətin anlarda belə xalqının gələcəyi üçün çalışıb: “Biz bu ümidlərlə yaşayır və irəliləyirik. Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dövlətinin suveren və azad yolunda birliyimizi qoruyaraq irəliləməliyik. 2025-ci ildə qarşımızda böyük hədəflər var və bu il ölkəmiz üçün xüsusilə əhəmiyyətlidir.”

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.