“Qarabağ”ın əsas üstünlüyü onun taktiki nizam-intizamıdır" - ŞƏRH EDİLDİ

10 Dekabr 2025 12:38 (UTC+04:00)

"Bu gün Çempionlar Liqasının növbəti turunda “Qarabağ”ın öz meydanında “Ayaks”la qarşılaşması Azərbaycan futbolu üçün həm idman baxımından, həm də imic göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, futbol baxımından matça yanaşdıqda, “Qarabağ”ın əsas üstünlüyü onun taktiki nizam-intizamı, kollektiv oyunu və iç meydan amilidir: "Tofiq Bəhrəmov adına Respublika Stadionunda oynamaq komandanın azarkeş dəstəyini maksimum hiss etməsi deməkdir ki, bu da oyun dinamikasına ciddi təsir göstərir. "Qarabağ" komandası meydanda topa nəzarət, cinahların effektiv istifadəsi və sürətli keçid hücumları ilə tanınır. Bu xüsusiyyətlər “Ayaks”ın müdafiədə buraxdığı boşluqları dəyərləndirmək üçün mühüm taktiki imkan yaradır. Digər tərəfdən, “Ayaks” hər nə qədər gənclər akademiyası və hücum potensialı ilə seçilsə də, bu mövsüm stabil çıxış göstərmir. Müdafiədəki koordinasiya problemləri və pressinqdən sonra boş zonaların yaranması “Qarabağ” üçün əlavə üstünlükdür. Lakin bununla yanaşı, holland klubunun fərdi ustalıq səviyyəsi və hücum xəttinin çevikliyi rəqibi hər an təhlükəli edə bilər. Buna görə də “Qarabağ”ın müdafiə xəttinin sıx, kompakt və intizamlı çıxışı matçın nəticəsinə birbaşa təsir edəcək əsas amillərdəndir.

Bu qarşılaşma “Qarabağ” üçün yalnız üç xal mübarizəsi deyil, həm də Avropa futboluna yenidən ciddi mesaj vermək imkanıdır. Meydan amili, azarkeş enerjisi və oyun intizamı nəzərə alınsa, komandamız real şəkildə üstünlük əldə edə biləcək keyfiyyətlərə sahibdir".