Azərbaycanda dekabrın 11-də havanın yağışlı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.