“Ümummilli Lider Heydər Əliyev Azərbaycan ləyaqətliliyini elə bir səviyyədə nümayiş etdirib ki, istər çətin, istərsə də sabit dövrlərdə ölkənin inkişafı üçün mühüm işlər görülüb. Xalqımız bütün təzyiqlərə, maneələrə və siyasi təxribatlara baxmayaraq, Heydər Əliyevin müəyyən etdiyi strateji kursa sadiq qalaraq, böyük səbir və əzmlə irəliyə doğru addımlayıb". SİA xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu gün Azərbaycan xalqı artıq beş ildir ki, öz tarixi Zəfərinin möhkəm dayaqları üzərində şərəflə və başıuca yaşayır: “Azərbaycan Ordusu işğal altında olan torpaqları öz gücü, xalqın iradəsi və siyasi həmrəyliyin nəticəsi olaraq azad etdi. Bu Qələbənin təməli isə Heydər Əliyevin həm Sovet dövründə, həm də müstəqilliyin ilk illərində həyata keçirdiyi uzaqgörən siyasət sayəsində qoyulmuşdu".
Muxtar Nağıyev çıxışında Ulu Öndərin 1969–1982-ci illərdə Azərbaycanı SSRİ-nin ən geridə qalmış respublikalarından, ən inkişaf etmiş respublikalarından birinə çevirdiyini xüsusi vurğulayıb: “Azərbaycan dilinin 1978-ci ildə Konstitusiyada dövlət dili kimi təsbit edilməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, sənaye və energetika sahələrinin yenilənməsi həmin dövrdə görülmüş mühüm işlərdən idi. Bu qərarlar o qədər cəsarətli idi ki, hətta qonşu respublikaların narahatlığına səbəb olurdu".
YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, müstəqilliyin ilk illərində yaşanan siyasi böhranlar, Gəncə hadisələri, daxili qarşıdurmalar və Qarabağın işğalı hakimiyyət boşluğunun və səriştəsiz idarəçiliyin nəticəsi idi: “1993-cü ildə xalq yalnız bir çıxış yolu gördü – Heydər Əliyevin qayıdışı. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan sabitlik, təhlükəsizlik və inkişaf mərhələsinə daxil oldu".
Muxtar Nağıyev həmçinin bildirib ki, Ulu Öndərin Naxçıvanda gördüyü işlər, xüsusilə üçrəngli bayrağın dövlət səviyyəsində qəbul edilməsi Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi oldu:
“Bu addım həm cəsarətli, həm də tarixi qərar idi və gələcək dövlətçilik modelimizin əsasını qoydu".
Sonda o vurğulayıb ki, Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın əldə etdiyi Zəfər, suverenliyin tam bərpası, ölkəmizin beynəlxalq nüfuzu məhz bu siyasi xəttin ardıcıl nəticəsidir.