Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi uğurla başa çatıb. SİA xəbər verir ki, layihədə transmilli internet korporasiyalarının (TİK) hibrid təhdidlər kontekstində rolu araşdırılıb, “Google”, “Meta”, “Microsoft”, “Amazon”, “Cloudflare”, “TikTok” və digər qlobal internet korporasiyalarının informasiya təhlükəsizliyi, məxfilik və tələblərə uyğunluq sahələrində tətbiq etdiyi beynəlxalq standartlar təhlil olunub. Araşdırmada, həmçinin bu təcrübələrin milli şəraitə tətbiqi imkanları, Azərbaycan üçün hibrid təhdidlərə qarşı mübarizə kontekstində strateji nəticələr qiymətləndirilib.
Layihə çərçivəsində Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasında ardıcıl maarifləndirici seminarlar keçirilib. Tədbirlərdə universitetlərin professor, müəllim heyəti və tələbələri fəal iştirak ediblər.
Tədbirlərin məqsədi gənclər arasında kibertəhlükəsizlik savadlılığını artırmaq, hibrid təhdidlərə qarşı mübarizədə dövlət, özəl və akademik sektorlararası əməkdaşlığı möhkəmləndirmək, eləcə də transmilli internet platformaları ilə qarşılıqlı iş mexanizmlərini təkmilləşdirmək olub.
Seminarlar zamanı informasiya məkanında hibrid təhdidlərin yaratdığı risklər, onların qarşısının alınmasında hüquqi və praktiki yanaşmalar, transmilli internet korporasiyaları ilə əməkdaşlıq, təhlükəsizlik standartları, texniki tələblər və kibergigiyena qaydaları geniş izah edilib, mövzu üzrə hüquqi-praktik nüanslar təqdim olunub.
Noyabrın 29-da layihənin yekun tədbiri keçirilib. Tədbirdə AKTA-nın üzvləri və ekspertlər, dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, hibrid təhdidlər müasir dövrdə dövlətlərin və təşkilatların təhlükəsizliyinə ən ciddi risklərdən biridir. Bildirilib ki, bu təhdidlər informasiya manipulyasiyası, kiberhücumlar, sosial mühəndislik və iqtisadi təsir vasitələri kimi çoxşaxəli üsullarla həyata keçirilir.
Layihə üzrə iki araşdırmanın (“Transmilli internet korporasiyalarının məlumat təhlükəsizliyi və tətbiqi standartları” və “Dövlətlərin hibrid təhdidlərə qarşı transmilli internet korporasiyaları ilə iş təcrübəsi”) nəticələri təqdim edilib. Bu tədqiqatlar qlobal internet platformalarının təhlükəsizlik yanaşmalarını və müxtəlif ölkələrin hibrid təhdidlər fonunda həyata keçirdiyi əməkdaşlıq modellərini sistemli şəkildə təhlil edir. Araşdırmada TİK-lərin istifadəçi statistikası, fəaliyyət göstərdikləri ölkələr, xidmət sahələri haqqında məlumatlar, maliyyə göstəriciləri, inkişaf templəri müqayisə olunub, güclü və zəif tərəfləri qiymətləndirilib. Eyni zamanda, onların istifadəçilərlə qarşılıqlı əlaqəsini, həmçinin etik və hüquqi uyğunluğu tənzimləyən İcma Standartlarının (Community Standards) əsas aspektləri müqayisə edilib. Nəticədə ölkəmizin hibrid təhdidlərə qarşı dayanıqlığının gücləndirilməsi üçün yanaşma təklif olunub. TİK ilə əməkdaşlıq kontekstində standartlaşdırma baxımından ölkə üçün tövsiyələr hazırlanıb.
Daha sonra vurğulanıb ki, dövlət səviyyəsində qəbul olunan strategiya və normativ sənədlər vasitəsilə informasiya təhlükəsizliyi tələbləri daha da sərtləşdirilir. Eyni zamanda, kiberhücumların erkən aşkarlanması üçün qabaqcıl texnologiyaların tətbiqi və beynəlxalq tərəfdaşlarla informasiya mübadiləsi həyata keçirilir.
Qeyd edilib ki, hibrid təhdidlər mövzusu üzrə universitetlər və orta məktəblər üçün müasir, praktikyönümlü dərs vəsaitlərinin hazırlanması prioritet istiqamətlərdəndir. Bu vəsaitlər şagird və tələbələrə informasiya manipulyasiyası, kiberhücumlar və sosial mühəndislik kimi riskləri vaxtında tanımağı öyrətməyi hədəfləyir. Təhsil müəssisələrində bu materialların tətbiqi gənclərin rəqəmsal savadlılığını artıraraq, onları hibrid təhdidlərə qarşı daha dayanıqlı edir. Bu istiqamətdə ETN-in universitetlərlə və ekspert qurumlarla əməkdaşlıq etdiyi də xüsusi qeyd oluna bilər.
Görüş zamanı layihənin nəticələri, seminarların təsirləri, gənclərin prosesə cəlb olunması və ümumi olaraq kibertəhlükəsizlik ekosisteminə verilən töhfələr müzakirə olunub. Eyni zamanda, layihənin gələcək inkişaf imkanları və yeni əməkdaşlıq perspektivləri qiymətləndirilib.
“Layihə çərçivəsində yüzlərlə gənc hibrid təhdidlər, informasiya təhlükəsizliyi, kibergigiyena, transmilli internet korporasiyalarının təhlükəsizlik standartları və tələbləri üzrə əhatəli biliklər əldə edib”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, layihə çərçivəsində aparılan araşdırmalar üzrə hazırlanmış hesabat sənədləri ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://bit.ly/3XJJVSr