Macarıstan Türkiyəyə 600 at satıb...

8 Dekabr 2025 20:27 (UTC+04:00)

Macarıstanın Baş naziri Viktor Orban Türkiyədə işgüzar səfərdə olub. O, bazar günü səkkiz nazir ilə birlikdə İstanbulda olub və burada macarıstanlı nümayəndə heyəti böyük diqqətlə qarşılanıb. Xüsusi olaraq seçilmiş məkan - Dolmabahçe sarayı, yüksək səviyyəli ikitərəfli danışıqlar və fərdi hədiyyələr Ankaranın bu dəfə Macarıstana xüsusi hörmət göstərdiyini nümayiş etdirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş nazir bazar ertəsi günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sülh, miqrasiya və enerji məsələlərini müzakirə edib. Danışıqlar təntənəli nahar və əyləncəli bir at hekayəsi ilə yekunlaşıb.

Xüsusi hədiyyə olaraq Orban Ərdoğana britaniyalı illüstrator William Alexanderin Osmanlı İmperiyasının geyim və gündəlik həyatını əks etdirən əsərini təqdim edib. Bundan əlavə, 2023-cü ildə Budapeştdə Ərdoğana verilmiş “Főúr” adlı atın vəziyyəti ilə maraqlanıb. Baş nazir gülərək bildirib: “Macarıstan atçılıq sahəsində böyük uğur qazanıb. Türk jandarmı üçün 600 Nonius atı sifariş edilib və ilk onluq atlar bir neçə həftə ərzində Türkiyəyə çatdırılacaq. Deyə bilərik ki, hazırda mən Macarıstanın ən uğurlu at ticarətçisiyəm”.

Danışıqlardan sonra Ərdoğan nümayəndə heyətini sürpriz mədəni proqramla qəbul edib.

Bu səfər həm iqtisadi, həm də diplomatik baxımdan Macarıstan-Türkiyə əlaqələrində mühüm hadisə kimi qiymətləndirilir.