...Vaşinqtondan artan təzyiqlərə baxmayaraq, Venesuela prezidenti Nikolas Maduro ölkəni tərk etmək niyyətində deyil və ABŞ prezidenti Donald Trampın təhdidlərini gözləməyi planlaşdırır.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb. Həmçinin bildirilib ki, Venesuela lideri son vaxtlar şəxsi təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə artırıb və mümkün sui-qəsd cəhdindən ehtiyat edərək ictimai tədbirlərin sayını kəskin şəkildə azaldıb.
Eyni zamanda, Venesuela hakimiyyəti ilə birbaşa əlaqəsi olan üç mənbəyə görə, noyabr ayında Maduro ilə Tramp arasında telefon danışığı "isti atmosferdə" baş tutub.
Mənbələrdən biri qeyd edib ki, "bu zəng hər iki tərəfin ən azı dialoqa açıq olduğuna dair bir siqnal idi, lakin heç bir tərəf əsl niyyətlərini açıqlamayıb".
Əvvəllər Trampın Madurodan bir həftə ərzində ölkəni tərk etməsini tələb etdiyi bildirilirdi.
İki lider telefon danışığını 21 noyabrda keçiriblər. Söhbət zamanı Venesuela lideri Ağ Ev rəhbərinə özü və ailə üzvlərinin əfv olunması şərti ilə ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Əli Babayev