Çətin vəziyyətdə olan insanlar fırıldaqçıların niyə ilk hədəfi olur? - PSİXOLOQ AÇIQLADI

8 Dekabr 2025 17:17 (UTC+04:00)

Çətin vəziyyətdə olan insanlar, xüsusilə maddi və ya emosional baxımdan zəif olduqda, fırıldaqçıların əsas hədəfinə çevrilirlər. Fırıldaqçılar isə məhz bu həssaslığı manipulyasiya edərək insanların etibarından sui-istifadə edirlər. Belə halların artması yalnız fərdi deyil, eyni zamanda sosial bir problemdir və insanların maarifləndirilməsi ilə qarşısı alınmalıdır.

Maraqlıdır, bəs, çətin vəziyyətdə olan insanlar fırıldaqçıların niyə ilk hədəfi olur?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, insanlar çətin və çarəsiz vəziyyətə düşdüklərində, çox vaxt qarşı tərəfdə olan fırıldaqçılara və ya guya insanların "həyatını yaxşılaşdırmaq istəyən" şəxslərin ovuna çevrilirlər:

"Bunun səbəbi odur ki, insan həmin an həqiqətən də psixoloji olaraq çökmüş, tükənmiş və zəif hiss edir. Belə vəziyyətdə hər bir fürsət, hər bir təklif ona ümid işığı kimi görünür. Bizim tələbatımız həyatımızı düzəltməkdir və bu tələbat insanın qərar vermə qabiliyyətini, diqqətini və intuisiyasını zəiflədir. Qarşı tərəf isə – əgər o fırıldaqçı və ya yalancı insandırsa – bu zəiflikdən istifadə etməyi çox asan başa düşür. İnsan hər sözü, hər təklifi ümid kimi qəbul edir və beləliklə, həqiqətən də aldadılması ehtimalı artır. Maraqlıdır ki, insan bu vəziyyətdə aldadıldığını hiss etsə belə, buna inanmaq istəmir. Onun intuisiyası yalanı xəbər verir, amma məntiqi düşüncəsi və arzu etdiyi nəticə onu “bəlkə bu olar” düşüncəsinə yönəldir. Bu zaman insanın ümid və çarəsizlik duyğuları, həmçinin özünə inamının zəifliyi bir-birinə qarışır və onu istənilən vasitədən istifadə etməyə həssas hala gətirir.

Beləliklə, insan çətin vəziyyətlərdə yalnız psixoloji zəiflikdən deyil, həm də ümid duyğusunun yaratdığı duyğu təsirindən asılı olaraq, fırıldaqçılara qarşı həssas olur. Bu vəziyyət həm də bizə bir dərs verir: çarəsizlik anında qərar vermə prosesimizi diqqətlə qorumaq, öz intuisiyamıza qulaq asmaq və hər hansı bir təklifə dərhal inanmaq əvəzinə onu diqqətlə qiymətləndirmək çox vacibdir. Nəticə olaraq, ümid, çarəsizlik və özgüvən problemləri yalnız insanın psixoloji vəziyyətini formalaşdırmır, eyni zamanda onun xarici təsirlərə qarşı həssaslığını da artırır. Bu, həm şəxsi həyatımızda, həm işgüzar və maliyyə məsələlərində fırıldaqçılardan qorunmağın əhəmiyyətini göstərir".