Bayramqabağı bahalaşmanın səbəbi nələrdir ? - İQTİSADÇI AÇIQLADI

8 Dekabr 2025 17:07 (UTC+04:00)

Yeni il yaxınlaşdıqca ölkədə yenidən “ənənəvi” qiymət artımının şahidi oluruq. Hər il bayramqabağı ərzaq məhsullarının bahalaşması alıcıları narahat edir və bu artım Novruz bayramına qədər davam edir. Bayramdan sonra səngimə olsa belə, qiymətlər əvvəlki səviyyəsinə qayıtmır. Bəs, bu bahalaşmanin arxasında dayanan əsas səbəblər nələrdir?

Məsələ ilə bağlıə iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, əsasən Yeni il və Novruz bayramı ərəfəsində bir sıra ərzaq məhsullarının qiymətinin daha çox artmasını müşahidə edirik:

"Ümumiyyətlə, rəsmi statistika əsasında da daha çox artımlar ərzaq məhsullarında qeydə alınır. Xüsusilə də idxal olunan ərzaq məhsullarında qiymət artımları daha yüksəkdir. Bu da, təbii ki, onunla bağlıdır ki, xüsusən də idxalçı ölkələrdə qiymət artımları baş verdikdə, bu, Azərbaycan istehlak bazarına da təsir göstərir və biz bu istiqamətdə qiymət artımlarını müşahidə edirik. Yeni il zamanı təbii ki, süni qiymət artımları da hər zaman müşahidə edilən tendensiyalardan biridir və süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir. Bu kontekstdə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi, həm də qiymətlərin optimallaşdırılması, bəzi hallarda isə müəyyən məhsullarda qiymətlərin azalmasına belə gətirib çıxara bilər.

Ona görə bizim təklif ondan ibarətdir ki, bu istiqamətdə monitorinqlərin genişləndirilməsi, süni qiymət artımlarına qarşı mübarizənin daha da gücləndirilməsi olduqca vacibdir. Qiymətlərin monitorinqi ilə yanaşı, onların maya dəyəri və xərclərinin müqayisəsi əsasında süni qiymət artımlarını müəyyənləşdirmək və bu artımlara qarşı effektiv mübarizə aparmaq mümkün ola bilər".