"Azərbaycan dünyaya regional əməkdaşlığın yeni mərhələsini formalaşdırır" - ŞƏRH EDİLDİ

8 Dekabr 2025 17:00 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi. Ümumiyyətlə, Azərbaycanda aparılan geniş quruculuq işləri, iqtisadi sahədə atılan mühüm addımlar hər keçən gün həm qonşu ölkələrin, həm də dost münasibət bəsləyən dövlətlərin siyasi və iş dairələrinin diqqətini cəlb edir". Bu sözləri SİA-ya açıəqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda əməkdaşlıq etmək və burada fəaliyyət göstərmək istəyən ölkələrin və şirkətlərin sayı durmadan artır:

"Birləşmiş Ərəb Əmirlikləri bu gün dünya iqtisadiyyatında xüsusi çəkisi və böyük maliyyə-sənaye potensialı olan dövlətlərdən biridir. Əmirliklərin innovasiyaya, texnologiyalara, bərpaolunan enerjiyə, infrastruktur layihələrinə qoyduğu sərmayələr Azərbaycan üçün də yeni imkanlar açır. Əmirlik şirkətlərinin ölkəmizdəki layihələrə artan marağı, ilk növbədə, Azərbaycanda hökm sürən siyasi sabitlik, iqtisadi inkişafın davamlılığı və dövlətimizin investorlar üçün yaratdığı əlverişli biznes mühitinin nəticəsidir. Bu gün Azərbaycan dünyaya açıq, tərəfdaşlığa meyilli, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq modelini təklif edən modern bir dövlətdir. Ölkəmizlə xoş niyyətlə əməkdaşlıq etmək istəyən, Azərbaycanın daxili və xarici siyasətinə hörmət edən bütün dövlətlər və beynəlxalq şirkətlərlə əməkdaşlığa hazırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Zəngəzur layihəsi, həmçinin Azərbaycanı Şərqlə Qərb, Şimalla Cənub arasında strateji nəqliyyat-logistika qovşağına çevirən layihələr ölkəmizin geosiyasi və geoekonomik əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır.

Bütün bu proseslər həm Azərbaycan xalqının rifahının yüksəlməsinə, həm ölkəmizin uzunmüddətli inkişafına, həm də ümumilikdə regionda iqtisadi inteqrasiya və sabitliyin güclənməsinə mühüm töhfə verir. Azərbaycan bu gün həm regional, həm də qlobal miqyasda əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi çıxış edir və qarşıdakı illərdə ölkəmizin iştirak edəcəyi layihələrin coğrafiyasının daha da genişlənəcəyi gözlənilir".