Əhalinin alıcılıq qabiliyyətinə təsir edən sosial-iqtisadi faktorlar nələrdir ? - ŞƏRH EDİLDİ

8 Dekabr 2025 16:55 (UTC+04:00)

Əhalinin alıcılıq qabiliyyətinə həm sosial, həm də iqtisadi xarakterli bir sıra amillər təsir göstərir. Orta aylıq əməkhaqqının və ümumi gəlirlərin artması istehlak imkanlarını genişləndirən əsas göstəricilərdən biri kimi çıxış edir. Bununla yanaşı, inflyasiyanın səviyyəsi real gəlirlərin həcmini müəyyənləşdirir və əməkhaqqı artımlarının effektivliyini müəyyən dərəcədə məhdudlaşdıra bilir. Məşğulluq səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin yaradılması və qeyri-formal məşğulluğun azalması əhalinin gəlirlərində artımı təmin edir. Vergi güzəştləri, sosial müdafiə tədbirlərinin genişlənməsi və dövlətin həyata keçirdiyi sosial paketlər də vətəndaşların sərəncamında olan vəsaiti artıran mühüm mexanizmlərdir. Eyni zamanda ərzaq və enerji qiymətlərindəki dəyişikliklər, qlobal bazar tendensiyaları və bank sektorunun kredit siyasəti də ümumi istehlak davranışına ciddi təsir göstərir. Bütün bu amillərin birgə təsiri əhalinin real alıcılıq gücünün formalaşmasına şərait yaradır və gələcək dövrlər üzrə sosial-iqtisadi inkişaf proqnozlarında əsas göstəricilərdən biri kimi qiymətləndirilir.

“Əhalinin alıcılıq qabiliyyətinə təsir göstərən əsas amillər sırasında orta aylıq əməkhaqqı və əhalinin gəlirlərindəki artım xüsusi əhəmiyyət daşıyır”. Bu sözləri SİA- ya açıqlamasında Millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə , son statistik məlumatlara görə, orta aylıq əməkhaqqı 2025-ci ildə əvvəlki illə müqayisədə yüksəlmiş və 9,5% artım qeydə alınmışdır: "Mövcud proqnozlara əsasən, ilin sonunda bu göstəricinin 9,2% səviyyəsində formalaşacağı gözlənilir. Son dövrlərdə həyata keçirilən sosial paketlər minimum əməkhaqqı, minimum təqaüd, eləcə də orta aylıq əməkhaqqı və orta aylıq təqaüdlərin artımına səbəb olmuşdur. Sosial müdafiə tədbirlərinin genişləndirilməsi və dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitlərin çoxalması əhalinin gəlirlərinin yüksəlməsinə, nəticə etibarilə isə alıcılıq qabiliyyətinin güclənməsinə müsbət təsir göstərməkdədir.

Gözləntilərə görə, növbəti dövrdə həm özəl sektorda əməkhaqqı artımları, həm də dövlət büdcəsindən sosial istiqamətə ayrılan əlavə vəsaitlər vətəndaşların gəlirlərini artıracaq. 2026-cı il üzrə dövlət büdcəsindən sosial sahəyə 17,1 milyard manatın ayrılması nəzərdə tutulur ki, bu da yaxın illərdə sosial müdafiə tədbirlərinin daha da genişlənəcəyini göstərir”.

Günay Hacıyeva