Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tərtər, Qusar və Bərdə rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında monitorinqlər həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı satış məntəqələrində bir sıra nöqsanlar aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bazar ərazilərində çalışan işçilərin qida təhlükəsizliyi standartlarına uyğun xüsusi geyimlərlə tam təmin edilmədiyi müəyyən olunub. Süd və süd məhsullarının satışı bölmələrində soyuducu avadanlıqların yetərsiz olduğu, həmin məhsulların ekspertiza aktları və daşınma sənədləri təqdim edilmədən satışa çıxarıldığı qeydə alınıb.
Bununla yanaşı, toyuq və balıq məhsullarının üstü açıq şəkildə, xarici təsirlərə məruz qalan formada satıldığı, sənədlərinin olmadığı müəyyən edilib. Bəzi satış obyektlərində mənşəyi məlum olmayan turşu növlərinin satışı da aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib.
Bölgələrdəki ərzaq bazarlarında aparılan monitorinqlərə dair videoçarxı https://www.youtube.com/shorts/usLJpNSSsdA linkinə daxil olaraq izləmək mümkündür.