“Qiymətlərin yüksəlməsi nəticəsində əhalinin real alıcılıq qabiliyyəti azalır” - EKSPERT DANIŞDI

8 Dekabr 2025 16:19 (UTC+04:00)

"Valyuta məzənnəsinin dəyişməsi, xüsusilə də milli valyutanın ucuzlaşması əhalinin real gəlirlərinə birbaşa və çoxşaxəli təsir göstərir. İlk növbədə, idxaldan asılı ölkələrdə məzənnənin dəyişməsi gündəlik istehlak mallarının qiymətlərinin artmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, ərzaq məhsullarından tutmuş dərmanlara, elektronika və sənaye məhsullarına qədər geniş kateqoriyada idxal payı yüksək olduğuna görə qiymət artımları qaçılmaz olur: "Qiymətlərin yüksəlməsi nəticəsində insanlar eyni maaşla əvvəlki qədər məhsul ala bilmədikləri üçün real gəlirlər azalır. Bu proses inflyasiyanın sürətlənməsi ilə daha da güclənir. Valyuta məzənnəsinin artması yalnız idxal mallarının bahalaşmasına deyil, həm də daxili istehsalda istifadə olunan idxal xammal və avadanlıqların xərclərinin yüksəlməsinə gətirib çıxarır. Nəticədə, ümumi qiymət səviyyəsi artır və inflyasiya dərinləşir. Belə şəraitdə maaşların qiymət artımına adaptasiyası gec baş verir. Əmək haqları qiymət artımlarından geri qaldığına görə əhalinin real alıcılıq qabiliyyəti azalır. Bu isə “real gəlirlərin eroziyası” kimi dəyərləndirilir. Valyuta ilə kredit götürmüş ailələr üçün vəziyyət daha ağır olur. Xarici valyutada olan kredit öhdəlikləri milli valyuta ucuzlaşdıqda avtomatik şəkildə artır və borc yükü daha da ağırlaşır. Bu da ailə büdcəsinin digər xərclərini məhdudlaşdırır və istehlak davranışlarına mənfi təsir göstərir.

Məzənnə dəyişikliyinin yaratdığı qeyri-müəyyənlik də əhalinin iqtisadi qərarlarına təsir edir. İnsanlar gələcək qiymətlər barədə əmin olmadıqda böyük alışları təxirə salır, daha çox qənaət etməyə çalışır və istehlak azalır. Bu isə bazarda ümumi durğunluq yaradır və real gəlirlərin azalmasını sürətləndirir. Xüsusilə sosial müavinət, təqaüd və dövlət büdcəsi hesabına çalışanlar üçün bu təsirlər daha kəskin hiss olunur. Onların gəlirləri sabit olduğu üçün qiymət artımına uyğunlaşmaq daha çətin olur və sosial bərabərsizlik dərinləşir. Bütün bu mənfi təsirlərə baxmayaraq, valyutanın ucuzlaşması ixrac yönümlü sektorlar üçün müəyyən qısamüddətli üstünlüklər yarada bilər. Yerli məhsullar beynəlxalq bazarda daha rəqabətli olur, turizm canlana bilər. Lakin bu müsbət təsirlərin əhaliyə birbaşa real gəlir artımı kimi dönüşü adətən uzunmüddətli və məhdud olur, çünki iqtisadiyyatın böyük hissəsi idxaldan asılılığını qoruyur.

Ümumilikdə, valyuta məzənnəsinin dəyişməsi əhalinin real gəlirlərinin azalmasına səbəb olan əsas iqtisadi risklərdən biridir. Bahalaşma, inflyasiya, kredit yükünün artması və maaşların gec adaptasiyası nəticəsində insanların alıcılıq qabiliyyəti aşağı düşür və həyat səviyyəsi zəifləyir".