"Bu Prezidentin qlobal sülh proseslərində aparıcı aktora çevrildiyini göstərir” - ŞƏRH EDİLDİ

8 Dekabr 2025 15:29 (UTC+04:00)

"Məlumdur ki, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın əsas fəaliyyət istiqamətləri sülhyaratma proseslərinə yönəlib". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, hazırki mürəkkəb geosiyasi situasiyada sülhə nail olmaq da, eyni zamanda de-fakto nail olunmuş sülhün dayanıqlılığının təmini də kifayət qədər mürəkkəb məsələdir və bir sıra hallarda supergüc olmasına baxmayaraq buna ABŞ-nin özünün də güc, imkan və qüdrəti yetmir:

"Lakin Cənubi Qafqaz kimi mürəkkəb bir coğrafiyada cənab İlham Əliyevin 30 ildən artıq davam etmiş və bir sıra dünya ölkələrinin və imperialist dairələrinin maraqlı tərəf kimi çıxış etdiyi müharibəni sonlandırması, hüquqa, ədalətə, insan ləyaqətinə və təhlükəsizliyinə əsaslanan de-fakto sülhü bərqərar etməsi, eyni zamanda Azərbaycanın artan hərbi-siyasi gücünün bu sülhün qarantına çevrilməsi fonunda cənab Tramp bu reallığı görməzdən gələ bilməzdi. Xüsusən 8 avqust razılaşmalarından sonrakı periodda Azərbaycan və Ermənistan arasında sülh ritorikasının praktik müstəvidə etimad quruculuğu istiqamətində müəyyən məsafə qət etməsi və bu prosesdə cənab İlham Əliyevin qətiyyətinin həlledici rol oynaması cənab Trampın sülhyaratma missiyasında ən perspektivli əmsal kimi çıxış etməkdədir. Yaxın Şərqdə, o cümlədən Rusiya-Ukrayna münaqişəsində çoxsaylı cəhdlərə baxmayaraq konkret əməli nəticələrə nail olunmaması fonunda Azərbaycan Prezidentinin iradəsi ilə Cənubi Qafqazda real nəticələrin mövcudluğu fonunda cənab Trampın təşəkkür məktubu həm də Azərbaycan Prezidentinin hazırkı qlobal situasiyada ən mürəkkəb məsələ olan sülh proseslərinin memarı kimi roluna da verilmiş qiymət sayıla bilər. Bu isə, eyni zamanda onu göstərməkdədir ki, cənab İlham Əliyevin qlobal proseslərdə artan rolu və nüfuzu onu beynəlxalq məsələlərin həllində daha aparıcı aktora çevirməkdə və bu reallıq isə ABŞ də başda olmaqla beynəlxalq arenada istisnasız qəbul olunmaqdadır".