"Ulu Öndər Azərbaycanın gələcəyini qurdu" - ŞƏRH

8 Dekabr 2025 15:47 (UTC+04:00)

"Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və banisidir. Həm Sovetlər dövründə Ulu Öndərin çalışdığı çox mühüm dövlət vəzifələrində həyata keçirdiyi önəmli layihələr, həm də müstəqilliyimiz bərpa olunduqdan sonra, xüsusilə 1993-cü ildən sonra yenidən Azərbaycan hakimiyyətinə qayıtdıqdan sonra atdığı addımlar Azərbaycanın mövcudluğu və dünya tarixində layiqli yerini tutması üçün atılmış ən vacib addımlar olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, sovetlər dövründə Heydər Əliyev tərəfindən milli kadrların yetişdirilməsi, qorunması və önəmli vəzifələrə gətirilməsi böyük risk tələb edirdi, amma o, bu işin öhdəsindən gəldi. Azərbaycan dilinin dövlət idarələrində işlənməsi, qorunması və təbliğ olunması onun xidmətlərindən biri idi: "Gənclərin nüfuzlu universitetlərdə təhsil alması üçün həyata keçirdiyi layihələr bu gün də öz müsbət nəticəsini göstərir.

Eyni zamanda, Heydər Əliyev tərəfindən Azərbaycan sənayesinin inkişafı və kənd təsərrüfatında islahatlar aparılması nəticəsində ölkəmiz o dövrün respublikaları arasında irəliləyən bir dövlətə çevrildi. O, sanki hiss edirdi ki, bir gün Azərbaycan müstəqil olacaq və bu baxımdan həyata keçirdiyi bütün işlər sonradan müstəqil Azərbaycan üçün möhkəm bünövrə oldu. Xüsusilə neft sənayesinin inkişafında və sonrakı dövrlərdə “Əsrin müqaviləsi”nin imzalanmasında onun rolu əvəzolunmazdır. 20 Yanvar faciəsindən sonra Moskvada baş verən hadisələrə qarşı açıq şəkildə mövqe bildirməsi də onun cəsarətini göstərirdi. Naxçıvanda olduğu dövrdə üçrəngli bayrağın dövlət bayrağı kimi qəbulu və bölgənin qorunması onun tarixi xidmətlərindəndir.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışı, Gəncədə baş verən qardaş qırğınının qarşısını alması, Konstitusiyanın qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi, atəşkəsin əldə olunması və digər strateji addımlar Azərbaycan dövlətçiliyinin əsaslarını möhkəmləndirdi. Bu gün isə Prezident İlham Əliyev Ulu Öndərin həyata keçirməyə çalışdığı arzuları gerçəkləşdirmişdir. Xüsusilə Qarabağ zəfəri Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi oldu. Onun cismani yoxluğuna baxmayaraq, ruhu xalqla birlikdədir. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də yaşayacaq".