Ermənidən betər bəla...

8 Dekabr 2025 16:15 (UTC+04:00)

Mətləb Salahov: “Sosial proqramlar və Tik tok platforması mənəviyyatımızı soyqırımı edir”

“Bu günün tək reallığı ondan ibarətdir ki, nəzarətsiz sosial proqramlar və onlardan geri qalmayan sosial şəbəkə seqmenti bu xalqın mənəviyyatına, kişilik, qeyrət, ar-namus kimi müqəddəs dəyərlərinə düşmən kəsilib. Bu qətiyyən iddia deyil, faktdır, acı reallqdır. Bu nəzarətsiz sosial platforma və rəzalət efirlər o dərəcədə təhlükəli hal alıb ki, həttda min illik azərbaycanlı ailə dəyərlərinə belə qənim kəsiliblər. Cəmiyyət olaraq bu prosesə “dur” deməsək, inanın daha böyük mənəvi zərbələr alacayıq”.
Bu barədə SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, son bir neçə ildir ki, Azərbaycan teleməkanı böyük bir xalqın min illik dəyərləri üçün kabus halına çevrilib. Ağına-bozuna baxmadan ən primitiv şəkildə bu xalqın milli dəyərlərini milyonların gözləri qarşısındaca məhv edən, yeniyetmə və gəncləri azərbaycançılıqdan uzaqlaşdırıb beynini zəhərləyən “sosial proqramlar” və sosial şəbəkələr durmaq fikrində deyillər. “Əksinə, bu tiplər mənəviyyatımıza qarşı oolan pisliklərini hər gün daha da “artırırlar”. Yalançı “reytinq” görüntüsü yaradan bu cür proqramlarda cəmiyyəti bilə-bilə aşağı səviyyəli düşüncəyə sürükləmək, intellektual, düşündürücü efir əvəzinə, insanları manqurtlaşdır an şoular keçirmək, təhsil əvəzinə yaşlı insanların özlərini gülünc vəziyyətə saldıqları, kənd-kəsəkdə uşaqlarını evdə qoyub subay oğlanlara qoşulub qaçan gəlinləri, belələrinin dalınca studiyaya gəlib diz çökən biqeyrət "kişiləri" reklam etmək bunların əsas işinə çevrilib. Qəti şəkildə çəkinib ehtiyat edəcəkləri heç nə də yoxdur.
“Böyük cəsarət” sahibidirlər ki, bir xalqın kişilik, ar-namus kimi dəyərlərini hamının gözü qarşısında məhv edirlər. Bu, bütöv bir Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətindən qat-qat dəhşətli zərbədir bu xalqa. 30 ildən sonra böyük qəhərmanlıqla öz torpaqlarımızı yenidən geri qaytara bilsək də, bu gün efirlərdə və sosial şəbəkələrdə bilə-bilə, qəsdli şəkildə məhv edilən mənəviyyatımızı bir də heç vaxt geri qaytara bilməyəcəyik. Bu, acı və dəhşətli gerçəkdir!
“Bayram, Gülxanım, Əkbər, Pərvin” obrazları ilə cəmiyyəti manqurtlaşdırma siyasəti yürüdənlər bu xalqa qarşı ən böyük düşmənçilik siyasəti yürüdürlər. Min dəfə təəssüf olsun ki, ölkəmizdəki ziyalı təbəqəsi milli genefonumuzun, dəyərlər sistemimizin belə şəkildə məhv edilməsinə bircə dəfə də tutarlı təpki göstərmirlər. İnanın bu gün məhv edilən mənəviyyatımızı geri qaytarmaq sabah çox gec olacaq. Həttda imkansız olacaq!”

Ayşən Vəli