"Sərnişindaşıma sahəsində yeniliklər vacibdir" - EKSPERT DANIŞDI

8 Dekabr 2025 14:27 (UTC+04:00)

"Sərnişindaşıma mövzusu bir az geniş mövzudur. Çünki qiymət artımı, tariflərin artırılması və bunun müqabilində sərnişindaşıma xidmətindən mütəmadi olaraq istifadə edən sərnişinlər daha keyfiyyətli, daha komfortlu, vaxtında bir nöqtədən digərinə çatmaq arzusu ilə yaşayır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.

O bildirib ki, təəssüf ki, bu sahədə xüsusilə Bakının mərkəzindən kənarda — qəsəbə və kəndlərdə fəaliyyət göstərən, heç bir standarta uyğun olmayan, istismar müddəti bitmiş və təhlükə saçan avtobuslar mövcuddur: "Bu avtobuslar həm ekoloji baxımdan kifayət qədər zərərli qazlar buraxır, həm də texniki baxımdan təhlükə yaradır. Sosial mediada da test-test alışan, yanan, qəza şəraiti yaradan belə avtobuslarla bağlı görüntülər paylaşılır.

Adiyyatı qurumlar bu barədə mütəmadi olaraq məlumatlar verir, statistik göstəricilər təqdim edir, lakin düşünürəm ki, bu kifayət deyil. Çünki paytaxtın mərkəzindən kənarda – kənd və qəsəbələrdə, eləcə də ölkənin digər bölgələrində istismara yararsız nəqliyyat vasitələrinin fəaliyyətini davam etdirdiyinin şahidi oluruq. Bu nəqliyyat vasitələri nə iqtisadi, nə ekoloji, nə də texniki cəhətdən uyğun deyil. Ümid edirəm ki, yaxın gələcəkdə aidiyyəti qurumlar bu məsələ ilə bağlı daha ətraflı açıqlamalar verəcək və biz sərnişinlər də yol hərəkəti iştirakçıları olaraq bir nöqtədən digərinə standartlara uyğun, texniki cəhətdən saz, ekoloji cəhətdən təmiz və komfortlu — qışda isti, yayda isə sərin avtobuslarla hərəkət edə biləcəyik".