Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında təmsil olunub

6 Dekabr 2025 22:22 (UTC+04:00)

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi Sarayevoda keçirilən xeyriyyə yarmarkasında iştirak edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Diplomatik Qış Bazarı Birliyinin təşkilatçılığı ilə keçirilən yarmarkada səfirliyimiz də daxil olmaqla, bu ölkədə akkreditə olunan 40-dək diplomatik nümayəndəlik və beynəlxalq təşkilat, yerli və xarici şirkətlər, bir sıra təhsil müəssisələri iştirak ediblər. Azərbaycan stendində dövlət atributları nümayiş olunub. Səfirlik əməkdaşlarının xanımlarının hazırladıqları milli yeməklər, şirniyyatlar, çay, mürəbbələr və suvenirlər alıcılara təqdim olunub.

Qeyd edək ki, ölkəmiz xeyriyyə yarmarkasına artıq dördüncü dəfə qoşulur. Toplanan vəsait Bosniya və Herseqovinada əlil uşaq evlərinə və aztəminatlı ailələrə kömək məqsədilə Diplomatik Qış Bazarı Birliyinə ianə edilib.