..."Islamic Relief Worldwide" xeyriyyə təşkilatı əvvəllər təşkilatı terrorizmin maliyyələşdirilməsi ilə əlaqələndirən əsassız ittihamlar yayan Britaniya televiziya kanalı GB News-dan ictimai üzr və maliyyə təzminatı alıb.
Bu ilin fevral ayında kanalın qonaqlarından biri iddia edib ki, "Islamic Relief" Yaxın Şərqdə terrorçu qrupları maliyyələşdirir və ekstremizm və radikalizmin təşviqinə yönəlmiş "daha geniş gündəmin" bir hissəsidir.
SİA-nın məlumatına görə, Londondakı Kral Ədalət Məhkəmələrində açıq məhkəmədə bu iddiaların əsassız olduğunu təsdiqləyən bir açıqlama verildikdən sonra GB News veb saytından və sosial media səhifələrindən böhtan xarakterli materialları və əlaqəli paylaşımları silib.
Kanal tam üzr istəyib, gələcəkdə bu cür ittihamları təkrarlamayacağına söz verib və kompensasiya ödəməyə və məhkəmə xərclərini ödəməyə razı olub.
Təşkilatın sözçüsü bildiri ki, bu məsələnin qənaətbəxş şəkildə - əvvəlcə efirdə ictimai üzr, indi isə məhkəməyə müraciət yolu ilə - başa çatmasından məmnunuq.
Son bir il ərzində dəfələrlə "Islamic Relief"ə qarşı əsassız iddiaların yayılmasının şahidi olmuşuq.
O əlavə edib ki, bu ilin əvvəlində Daily Mail də oxşar iddiaları dərc etdiyinə görə üzr istəyib və indi GB News da eyni şeyi etməyə məcbur olub.
...Bizim missiyamız dünyanın ən qeyri-sabit bölgələrində humanitar yardım göstərməkdir. İşimizi yerinə yetirərkən bir neçə həmkarımızı terror hücumları nəticəsində itirmişik. Bunu nəzərə alaraq, bu cür yalan iddiaları yaymağa davam etmək təkcə təhqiramiz deyil, həm də yardım işçilərinin və xidmət göstərdiyimiz icmaların həyatını təhlükəyə atmaq riskini daşıyır, - deyə sözçü qeyd edib.
Əli Babayev