Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edir -YENİLƏNDİ -FOTOLAR

6 Dekabr 2025 11:43 (UTC+04:00)

5–9 dekabr tarixlərində Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edir. SİA-nın verdiyi məlumata görə, dekabrın 6-da Dialoqun rəsmi açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və qısa videoçarxın nümayişi ilə başlayıb.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, ölkə rəhbərliyinin gənclər siyasətinə və beynəlxalq tədbirlərin həyata keçirilməsində gənclərə göstərdiyi daimi dəstəyinin önəmini vurğuladı. Nazir çıxışında dialoqun üzv dövlətlərin gənclərin əlaqələrinin inkişafına və birgə təşəbbüslərin reallaşmasına verdiyi töhfənin əhəmiyyətini qeyd edib. Həmçinin, 2025-ci il Gənclər Paytaxtı Sumqayıtda keçirilən tədbirlərin gənclər üçün faydalı olacağını qeyd edən nazir iştirakçıları dialoqlarda aktiv iştirak etməyə dəvət edib.

Daha sonra D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Isiaka Abdulqadir İmam tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Baş katib çıxışında layiqli ev sahibliyi üçün ölkə rəhbərliyi və təşkilatçılara təşəkkür edib. D-8 ölkələrinin gəncləri arasında korporativ əlaqələrin gücləndirilməsində dialoqun əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəhərsalma və davamlı inkişaf istiqamətləri ilə bağlı çıxış edib. Gənclərin sosial inkişafın, innovasiyanın, dayanıqlılığın aparıcı qüvvəsi olduğunu vurğulayan sədr gələcək nəsillər üçün birgə əməkdaşlığın vacib olduğunu qeyd edib. Sədr 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumunda gənclərin innovativ təşəbbüslərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qlobal iqlim gündəliyində gənclərin roluna toxunub. Çıxışında il ərzində D-8 ölkələri arasında keçirilən tədbirləri vurğulayan nazir müavini D-8 Gənclər Dialoqunun da gənclər arasında fikir mübadiləsi üçün mühüm platforma olacağını qeyd edib.

Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir Ali tədbirdə xüsusi qonaq qismində iştirak edərək, dialoqda ölkələrarası birlik və təcrübə mübadiləsinin önəmini vurğulayıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

Açılış sessiyası iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsi ilə davam edib.

Dialoq çərçivəsində növbəti günlərdə gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri keçiriləcək.