Azərbaycan ilk dəfə olaraq D-8 ölkələrinin Gənclər Dialoquna ev sahibliyi edir. Dekabrın 6-da Dialoqun rəsmi açılış mərasimi baş tutub. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və qısa videoçarxın nümayişi ilə başlayıb.
Açılışda gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat, eləcə də tədbirin xüsusi qonağı, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir çıxış ediblər.
Açılış sessiyası iştirakçı ölkələrdən gələn nümayəndələrlə birgə fikir mübadiləsi ilə davam edib.
Dialoq çərçivəsində növbəti günlərdə gənclər siyasəti, innovasiya, iqlim və urbanizasiya mövzularında panel müzakirələri keçiriləcək.