“Bu gün Bakıda reallaşan “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans regionda yeni siyasi və humanitar reallıqların formalaşdığı bir dövrə təsadüf edir. Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət isə bu reallıqların mahiyyətini və qayıdış konsepsiyasının strateji istiqamətlərini müəyyənləşdirən əsas sənəd kimi çıxış edir. Müraciətdə bildirilən tarixi faktlar son iki əsrdə Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən – azərbaycanlıların ardıcıl deportasiyalar, zorakı köçürülmələr və etnik-mədəni irsin məhv edilməsi ilə üzləşdiyini bir daha xatırladır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə baş verən hadisələr təkcə demoqrafik təmizləmə siyasətinin deyil, həm də yüzilliklər boyunca formalaşmış mədəni mühitin sistemli şəkildə dağıdılmasının göstəricisi kimi təqdim olunur:
”Ermənistan ərazisindəki azərbaycanlılara məxsus məscidlərin, qəbiristanlıqların, toponimlərin, inanc yerlərinin və digər mədəni irs nümunələrinin məhv edilməsi artıq müxtəlif beynəlxalq mənbələrdə sənədləşdirilmiş tarixi həqiqətlərdir.
Ölkə Prezidenti müraciətində qayıdış hüququnun beynəlxalq hüququn fundamental prinsiplərindən biri olduğunu xüsusi vurğulayır. Bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların statusu haqqında Konvensiya kimi mühüm beynəlxalq sənədlərlə təsbit olunduğu xatırladılır. Qayıdış təkcə fiziki məkan dəyişikliyi deyil, həm də tarixi yaddaşın, mənəvi bütövlüyün və mədəni kimliyin bərpası kimi qiymətləndirilir. Bu baxımdan, Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin dirçəldilməsi və qorunması həm Azərbaycan xalqının legitim tələbi, həm də ümumbəşəri dəyərlərə hörmətin zəruri tərkib hissəsi kimi təqdim olunur. Prezident bu prosesə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının cəlb edilməsinin vacibliyini önə çəkir və məsələnin qlobal humanitar gündəmlə əlaqələndirilməsini mühüm hesab edir.
Prezidentin müraciətində diqqət çəkən digər mühüm məqam 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamə və sülh sazişi layihəsinin paraflanmasıdır. Bu addım regionda dayanıqlı barışığın, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimad mühitinin yaranması üçün mühüm siyasi iradə nümayişi kimi dəyərləndirilir. Müraciət göstərir ki, qayıdış hüququ ilə sülh prosesi bir-birini tamamlayan paralel istiqamətlərdir: bir tərəfdən humanitar və mədəni reabilitasiya, digər tərəfdən siyasi-hüquqi əsasların möhkəmləndirilməsi həyata keçirilir. III beynəlxalq konfrans isə bu istiqamətdə elmi, hüquqi və siyasi fikir mübadiləsi aparmaqla, qayıdış prosesinin beynəlxalq səviyyədə qəbul olunması və dəstəklənməsi üçün mühüm platforma rolunu oynayır. Qayıdış hüququnun həyata keçirilməsi yalnız azərbaycanlıların tarixi torpaqlarına ləyaqətli şəkildə dönməsini deyil, həm də regionun gələcək sülh modelinin formalaşmasını şərtləndirən əsas mexanizmlərdən biri kimi qiymətləndirilir.
Beləliklə, Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət regionun post-münaqişə dövründə qarşıya qoyduğu strateji hədəfləri aydın şəkildə ortaya qoyur. Tarixi ədalətin bərpası, mədəni irsin qorunması və qayıdışın təmin edilməsi Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin əsas dayaqları kimi təqdim olunur”.