"Bu, Avropa tarixində həlledici bir andır"

5 Dekabr 2025 18:34 (UTC+04:00)

İsveç hökuməti Tanzaniya, Mozambik, Zimbabve, Liberiya və Boliviyaya inkişaf yardımını dayandırmaq qərarına gəlib. Bu vəsait artıq Ukraynanı dəstəkləmək üçün istifadə olunacaq.

SİA-nın məlumatına görə, bu barədə İsveçin Xarici Ticarət və İnkişaf Əməkdaşlığı naziri Benjamin Dusa mətbuat konfransında bildirib.

Nazir qərarı belə izah edib: "Gələn il Ukrayna üçün bir çox çətinliklər gözləyirik. Ukraynalılar müharibənin başlanğıcından bəri ən sərt qışla üzləşirlər. Bu, Avropa tarixində həlledici andır".

Bu beş ölkəyə ayrılan yardımın əvvəlcə 2026-cı ildə 700 milyon kron (74,39 milyon dollar), 2027-ci ildə isə 900 milyon kron (95,64 milyon dollar) olacağı gözlənilirdi.

Bu ölkələr artıq 31 avqust 2026-cı ildən sonra İsveçdən vəsait almayacaqlar.

Bu yenidən bölüşdürmə nəticəsində Krallığın Ukraynaya qeyri-hərbi dəstəyinin 2 milyard kron (212,55 milyon dollar) olacağı gözlənilir.

İsveç hökuməti əvvəllər inkişaf yardımı büdcəsinin gələn il ərzində 56 milyard krondan 53 milyard kronaya (5,95 milyard dollardan 5,63 milyard dollara) endiriləcəyini açıqlamışdı. Hökumət həmçinin əsas diqqətini yardıma yönəldən Boliviya, Liberiya və Zimbabvedəki İsveç səfirliklərini bağlayacaq.

Əli Babayev