Şəmkir və Samuxda könüllülərlə görüşlər keçirilib

5 Dekabr 2025 17:25 (UTC+04:00)

5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə Şəmkirdə gənc könüllülərlə görüş keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan görüşdə könüllülük fəaliyyətinin cəmiyyət üçün faydalarından söz açılıb. Bildirilib ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Bu fəaliyyət ölkəmzidə gənclərin özünü inkişaf etdirməsi üçün əla bir vasitədir.

Görüşün sonunda könüllülərə sertifikatlar təqdim olunub.

Samuxda da könüllülərlə görüş təşkil edilib. Samux rayon Heydər Əliyev Mərkəzinin, rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin, rayon gənclər və idman sektorunun təşkilatçılığı ilə reallaşdırılan tədbirdə ölkəmizdə könüllülük ənənələrinin yaranmasından, ictimai-siyasi proseslərdə könüllülərin müsbət rolundan söz açılıb.

Vurğulanıb ki, könüllülük gənc nəslə gələcək həyatı müəyyənləşdirə bilmək üçün bir yol və fürsətdir. Könüllü olmaq biliklərin bacarığa çevrilməsi üçün əlverişli platforma, kreativlik, innovatorluq, yenilik, təşəbbüskarlıq üçün meydandır. Tədbirin sonunda fəallığı ilə seçilən könüllülərə sertifikatlar təqdim olunub.