AB-nin Ukrayna ilə bağlı şərtləri Rusiya üçün qəbuledilməzdir...

5 Dekabr 2025 18:15 (UTC+04:00)

...Kreml Ukraynadakı vəziyyətlə bağlı Avropa ölkələrinin irəli sürdüyü şərtlərlə razılaşmadığını bildirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, AB-nin tələbləri Rusiya tərəfi üçün qəbuledilməzdir.

Uşakov qeyd edib ki, Rusiya münaqişənin həlli üçün ABŞ ilə əməkdaşlığa davam etməyə hazırdır, halbuki onun sözlərinə görə, Avropa planı artıq tərk edilib.

SİA xəbər verir ki, "Wall Street Journal"da dərc olunan məlumata görə, Avropa liderləri Kiyevi Vaşinqtonun zəmanəti olmadan saziş bağlamamağa çağırıblar.

Nəşrin məlumatına görə, Avropa liderləri Kiyevin ABŞ-ın təhlükəsizlik zəmanəti olmadan Rusiya ilə sazişin şərtlərini qəbul etməməli olduğuna əminliklərini bildiriblər.

Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa nümayəndələri arasında keçirilən söhbət zamanı Vaşinqtonun Ukraynanın təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynaması və ABŞ-ın bu məsələdə aydın mövqe tutması zəruriliyi vurğulanıb.

..."Der Spiegel"in məlumatına görə, Fransa prezidenti Emmanuel Makron əvvəllər ABŞ-ın ərazi məsələsində aydın təhlükəsizlik zəmanəti vermədən güzəştə gedə biləcəyi ehtimalı barədə xəbərdarlıq etmişdi.

Bir neçə gün əvvəl, 2 dekabrda Kremldə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Cared Kuşner də daxil olmaqla Amerika nümayəndə heyəti ilə danışıqlar aparıldı.

Görüşdən sonra Uşakov qeyd etdi ki, kompromis həll yolu tapılmayıb, lakin Amerika təkliflərinin bəziləri nisbətən məqbul görünür və əlavə müzakirə tələb edir.

Əli Babayev