Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində rəqəmsal bacarıqlar, STEAM və informatika dərslərinin müasir tələblər əsasında təşkilinə xüsusi diqqət göstərilir.
SİA-nın məlumatına görə, Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda bölgənin bir sıra məktəblərində şagirdlər robototexnika, proqramlaşdırma, rəqəmsal alətlərdən istifadə və layihəəsaslı öyrənmə istiqamətləri üzrə praktiki məşğələlərə cəlb olunurlar. Təhsil müəssisələrində müxtəlif yaş qrupları üçün “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, 3D çap və CNC, mexatronika, dron texnologiyaları və digər istiqamətlər üzrə dərslər təşkil olunur.
İdarənin məsul əməkdaşı Mahal Məmmədovun verdiyi məlumata görə, şimal-qərb bölgəsində fəaliyyət göstərən Zaqatala şəhər Z.Murtuzəliyev adına 1 nömrəli tam orta məktəb və Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə fəaliyyət göstərən iki STEAM mərkəzi ilə yanaşı, hazırda bölgənin 15 ümumtəhsil məktəbinin 104 sinfində 7096 nəfər şagirdə STEAM dərsləri, 47 məktəbin 347 sinfində isə 19 minədək şagirdə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində dərslər keçirilir.