Online ticarətin üstünlük qazanması- mağazaların əhəmiyyətini itirməsi - EKSPERT

5 Dekabr 2025 17:00 (UTC+04:00)

“Müasir dövrdə texnologiyaların sürətli inkişafı süni intellektin geniş tətbiqi ilə müşayiət olunur”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, bu proses həm insanların vaxta qənaət etmə ehtiyacını, həm də evdən çıxmadan müxtəlif xidmətlərə əlçatanlığı artıraraq onlayn satış sistemlərinin təkmilləşdirilməsinə zəmin yaradır.
“Seçim imkanlarının genişliyi, 24 saat ərzində sifariş vermək imkanı və xidmətə fasiləsiz çıxış onlayn ticarətin cəlbediciliyini daha da gücləndirir.

Xüsusilə insanların evdən çıxmaq istəmədiyi və distant həyat tərzinin geniş yayıldığı dövrlərdə onlayn ticarət kəskin artım tendensiyası nümayiş etdirmişdir. Əgər əvvəllər hər hansı toplantıda iştirak etmək üçün insanlar xaricə uçuş bileti almalı idisə, bu gün bir çox tədbir və iş prosesi informasiya texnologiyalarının köməyi ilə məsafədən, daha rahat və operativ şəkildə həyata keçirilir.

Onlayn satış platformalarının üstünlüklərindən biri də məhsul çeşidinin genişliyi və qiymətlərin nisbətən ucuz olmasıdır. Bunun əsas səbəbi ənənəvi mağazaların icarə, işçi və digər xərclərinin məhsulun son qiymətinə təsir göstərməsidir. Onlayn mağazalarda isə bu cür əlavə xərclər minimum olduğundan məhsullar daha əlçatan olur.

Dünyanın bir çox ölkəsində onlayn və oflayn satış modellərinin inteqrasiya olunduğu kanal sistemləri geniş tətbiq edilir. Müştəri onlayn sifariş verir, lakin məhsulu fiziki mağazadan təhvil alır və ya ölçü uyğun olmadığı halda yerində dəyişdirir. Bu zaman mağaza daha çox şourum (nümayiş zalı) funksiyasını daşıyır.

Bununla belə, ənənəvi satış sisteminin tamamilə sıradan çıxması gözlənilmir. Çünki bəzi müştərilər məhsula toxunmağı, onu test etməyi və canlı şəkildə yoxladıqdan sonra almağı üstün tuturlar. Lakin bu sahədə rəqabətə davam gətirmək istəyən ticarətçilər onlayn ticarətə inteqrasiya olunmasalar, gələcəkdə ciddi çətinliklərlə qarşılaşa bilərlər”.

Günay Hacıyeva